Bakıda TDT-nin Xəritəçilik İşçi Qrupunun ikinci iclası keçiriləcək

1 Dekabr 2025 15:48 (UTC+04:00)

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dekabrın 2-3-də Xəritəçilik İşçi Qrupunun ikinci iclası keçiriləcək.

Aznews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, eləcə də müşahidəçi statusunda olan Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya, kartoqrafiya, yerquruluşu, kadastr, yerin məsafədən tədqiqi və coğrafi informasiya sistemləri üzrə müvafiq qurumlarının nümayəndələri iştirak edəcəklər.

Azərbaycan tərəfi iclasa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ETSN yanında Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndələri, həmçinin digər aidiyyəti qurumların mütəxəssisləri ilə qatılacaq.

Qeyd edək ki, Bakıda təşkil olunacaq iclasda TDT-nin Xəritəçilik İşçi Qrupunun 2024-cü il sentyabrın 30-u və oktyabrın 1-də Ankarada keçirilmiş birinci iclasında müəyyən edilən hədəflərin icra vəziyyəti və gələcəkdə bu sahədə əməkdaşlığın gücləndirilməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi imkanları nəzərdən keçiriləcək.

Bu tədbir 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində Azərbaycanın geodeziya, kartoqrafiya və coğrafi informasiya sistemləri sahəsində əməkdaşlığını gücləndirməklə yanaşı, ətraf mühitin mühafizəsi və davamlı idarə olunması naminə atdığı ardıcıl addımları nümayiş etdirir.