Afrika liderləri avropalı müstəmləkəçilərdən təzminat tələb edirlər

1 Dekabr 2025 16:11 (UTC+04:00)

Afrika İttifaqı liderləri Əlcəzairin ev sahibliyi etdiyi "Afrikada müstəmləkəçiliyin kriminallaşdırılması; Tarixi ədalətsizliklərin düzəldilməsi" adlı iki günlük konfransda bir araya gəlib.

Konfransda Afrikanın Avropa gücləri tərəfindən müstəmləkəçiliyi tarixi müzakirə olunacaq.

Bir çox Avropa ölkələri, xüsusilə Fransa və Böyük Britaniya, həmçinin İspaniya, İtaliya və Belçika Afrikada müstəmləkə quruluşları qurmuşdular.

Koloniyaların və istismarın nəticələri bu gün də Afrika ölkələri üçün problemlər yaratmağa davam edir.

Afrika İttifaqı konfransında bu məsələlər və mümkün tədbirlərlə bağlı müzakirələr aparılır.

Konfransın açılışında Əlcəzairin xarici işlər naziri Əhməd Attaf çıxış edib.

Attaf bildirib ki, Afrikanın müstəmləkə dövründə xalqlarına qarşı törədilən cinayətlərin açıq şəkildə etiraf edilməsini tələb etmək hüququ var.

O deyib:

“Cinayətlərin etiraf olunması və qəbul edilməsi, Afrika ölkələri və xalqlarının hələ də xaric edilmə, təcrid və gerilik səbəbindən ağır bədəllər ödədiyi bu dövrün qalığı ilə mübarizə aparmaq üçün edə biləcəyimiz ən sadə addımdır”.

Mövsüm,

AzNews.az