VƏHDƏT PARTİYASINDA QAZİLƏRLƏ GÖRÜŞ – “HƏR ZAMAN PREZİDENTİN ƏSGƏRLƏRİYİK”

2 Dekabr 2025 13:16 (UTC+04:00)

Vəhdət Partiyasında növbəti dəfə dövlət-vətəndaş həmrəyliyini ifadə edən mühüm görüş keçirilib.

Aznews.az xəbər verir ki, partiyanın sədri Adəm İsmayıl Bakuvinin təşəbbüsü ilə təşkil olunan toplantıda Qarabağ qaziləri, müharibə veteranları, ictimai birlik rəhbərləri, eləcə də vətənpərvər gənclər iştirak edib. Məqsəd — qazilərin mövcud sosial vəziyyətinin daha dərindən öyrənilməsi, dövlət tərəfindən aparılan siyasətə ictimai dəstəyin gücləndirilməsi və onların gündəlik problemlərinin həlli istiqamətində yeni təkliflərin formalaşdırılmasıdır.
“Qazilər bizim milli qürurumuzdur”
Görüşü açan partiya sədri Adəm İsmayıl Bakuvi çıxışında Azərbaycanın müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğının sistemli dövlət siyasəti olduğunu qeyd edib: “Qazilər bizim milli qürurumuz, zəfər tariximizin canlı şahidləridir. Dövlətimiz onları hər zaman ən yüksək dəyər kimi görür. Bu qayğı yalnız rəsmi qərarlara deyil, həm də cəmiyyətin bütün təbəqələrinin onlara olan hörmətinə söykənir.”
Sədr xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı iradəsi yüksəklikdə dayanır və bu istiqamətdə görülən işlər dövlətin dəyişməz prioritetidir.
“Əmr olsa, yenidən döyüşə gedərik” — qazilərdən birlik çağırışı
Toplantıda “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təmsilçisi Əhli Həbiyev, Aqil Əliyev, ehtiyatda olan polkovnik Xətai Baxışov və digər natiqlər çıxış ediblər.
Onlar həm dövlət qurumları tərəfindən göstərilən qayğını yüksək qiymətləndirib, həm də mərd və qətiyyətli mövqelərini bir daha ortaya qoyublar: “Biz bu gün də Ali Baş Komandanın əmrinə hazırıq. Biz prezidentin əsgərləriyik, hər zaman Vətən naminə ayağa qalxmağa hazırıq.”
Sosial məsələlər və konkret təkliflər
Tədbirdə səslənən əsas mövzulardan biri qazilərin sosial rifahı ilə bağlı təkliflər olub. Qazilər mövcud 80 manatlıq sosial müavinətin artırılmasının vacibliyini qeyd edərək, bunun onların gündəlik həyatına real təsir göstərəcəyini bildiriblər.
Digər mühüm məqam — müharibə veteranlarının birinci və ikinci Qarabağ müharibəsinin iştirakçıları kimi ayrı-seçkiliyə məruz qalmamasının zəruriliyi idi. Çıxış edənlər vurğulayıblar ki, döyüş meydanında fərq yoxdur — hər kəs eyni bayraq, eyni amal uğrunda vuruşub. Odur ki, cəmiyyətin bütün sahələrində bu döyüşçülərə eyni münasibət göstərilməlidir.
Gələcək əməkdaşlıq üçün yeni mərhələ
Görüş geniş fikir mübadiləsi ilə yekunlaşıb. Qazilərin səsləndirdiyi təkliflər diqqətlə qeydə alınıb, partiya rəhbərliyi tərəfindən bu məsələlərin aidiyyəti dövlət strukturları ilə müzakirəsinin təmin ediləcəyi bildirilib.
Sonda tədbir iştirakçıları belə görüşlərin davamlı keçirilməsinin ölkədə qazilərə göstərilən ümumi dəstəyin daha da gücləndirilməsinə xidmət edəcəyini vurğulayıblar.

AzNews.az