2029-cu ildə Azərbaycanda qeyri-neft-qaz gəlirlərinin icmal büdcəsindəki payının 69-70% -ə çatdırılması hədəflənir.
Aznews.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.
"Azərbaycan iqtisadiyyatının, eyni zamanda Azərbaycan büdcəsinin neft-qazdan asılılığını minimuma endirməliyik və qeyri-neft-qaz sektorunun inkişafına xüsusi dəstək verməliyik. Mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu, bizim 2026-cı il və növbəti üç il üzrə hazırladığımız xərclər çərçivəsinin və büdcə zərfinin ana parametrlərindən biridir.
Əgər rəqəmlərə nəzər salsaq, görəcəyik ki, gələn il icmal büdcədə Azərbaycanda qeyri-neft gəlirlərin payı cari illə müqayisədə 5% bənd artaraq 63%-ə çatacaq. Və demək olar ki, biz növbəti il icmal büdcəmizin 1/3-ni qeyri-neft-qaz sektorunun hesabına təmin edəcəyik. Və bu tendensiya davam edəcək. 2029-cu ilə bizim proqnozumuz xərclər çərçivəmiz daxilində həmin rəqəmin 69-70%-ə çatdırılmasıdır. Və bu istiqamətdə atılacaq silsilə addımlar əlbəttə ki, ölkəmizin neft-qazdan asılılığının daha da aşağı salınmasına imkan verəcək və qeyri-neft-qaz sektorunun inkişafının daha geniş vüsət almasına bir şərait yaradacaq", - deyə o qeyd edib.