“Cəmil Həsənlinin bir evi var, bir də özü”

12 Sentyabr 2013 07:34 (UTC+04:00)



Prezidentliyə namizədlər qanunvericiliyin tələbinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) seçki sənədləri ilə yanaşı, sahib olduğu əmlakı və gəlirləri barədə arayış da təqdim ediblər. Həmin sənədlərdə namizədin adına qeydiyyatda olan mənzil, avtomobil, bağ evi, ticarət obyektləri, əldə etdiyi maliyyənin həcmi barədə məlumat əks olunur.

Müxalifət qüvvələrinin təmsil olunduğu Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin də əmlak və gəlirlərini özündə əks etdirən sənəd MSK-ya təqdim olunub.

Cəmil Həsənlinin seçkilər üzrə səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı bildirib ki, MSK-ya təqdim olunan sənəddə təkcə Cəmil Həsənlinin deyil, eləcə də onun həyat yoldaşının əmlakı, pul gəlirləri barədə ətraflı məlumat verilib.

"Cəmil bəyin əmlakı və gəlirləri barədə sənədləri MSK-ya təqdim etmişik. Sadəcə olaraq biz bu barədə hələlik açıqlama vermək istəmirik. Təşviqat kampaniyası başlayan günü biz Cəmil bəyin, onun həyat yoldaşının əmlakı və gəlirləri barədə danışacağıq".

Cəmil Həsənlinin Seçki Qərargahının rəhbəri Həsən Kərimov isə açıqlamasında vahid namizədin bir evi və maşınından başqa heç nəyinin olmadığını vurğulayıb.

"Cəmil müəllim professor adamdır, halal zəhmətilə yaşayır. Onun bir evi var, bir də özü. Başqa gizlədilməli heç nəyi yoxdur. Bizim namizədin nə villası, nə də ticarət obyektləri var. Bu insan halal insandır, rüşvəti, haramı yoxdur. Nəyi varsa, halal zəhmətilə sahib olub".(modern.az)

AzNews.az