“Türkiyə–İran yaxınlaşması hələlik taktiki xarakter daşıyır” - Oqtay Qasımov

2 Dekabr 2025 17:43 (UTC+04:00)

“Türkiyə və İran arasında son dövrlər artan təmaslar, şübhəsiz ki, diqqət çəkir. Nəzərə alsaq ki, bu iki ölkənin Yaxın və Orta Şərqdə baş verən proseslərdə bəzən üst-üstə düşən, bəzən isə toqquşan maraqları var, bu dinamikanın təhlili daha da aktuallaşır. İran uzun müddət Türkiyəni bölgədə özünün əsas rəqibi kimi görüb və onun güclənməsini əngəlləmək üçün müxtəlif addımlar atıb. Bu siyasətin tərkib hissəsi kimi PKK-ya verilən dolaylı və ya açıq dəstək xüsusi qeyd olunmalıdır. Məhz bu səbəbdən tərəflər arasında səthi şəkildə görünməsə də, arxa planda daim müəyyən gərginliklər mövcud olub və zaman-zaman bu gərginliklərin səviyyəsi artıb və ya azalıb”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Xatırladaq ki, son vaxtlar regionda baş verən proseslər fonunda Tehran–Ankara xəttində artan təmaslar xüsusi diqqət çəkir. Hər iki ölkənin Yaxın Şərqdə dəyişən güc balansına verdiyi reaksiyalar və maraqlarının bəzi məqamlarda üst-üstə düşməsi bu mövzunu daha da aktuallaşdırır. Lakin bu dinamikanın arxasında hansı motivasiyanın dayandığı hələ də müzakirə mövzusu olaraq qalır.

Siyasi şərhçi qeyd edib ki, son dönəmdə Türkiyə–İran təmaslarının intensivləşməsinə səbəb olan əsas amillərdən biri Yaxın və Orta Şərqdə, eləcə də qlobal miqyasda baş verən proseslərdir.

"Xüsusilə İran–İsrail qarşıdurmasının dərinləşməsi və Tehrana qarşı beynəlxalq təzyiqlərin artması fonunda Türkiyənin İran üzərindəki təzyiqlərin yumşaldılması istiqamətində müəyyən addımlar atdığı görünür. Ankara, həmçinin ABŞ–İran münasibətlərinin normallaşması üçün aparılan bəzi diplomatik təmaslarda da rol almağa çalışır. Bundan əlavə, Türkiyə və İranın bölgədə üst-üstə düşən maraqlarından biri Fələstin məsələsi və Qəzza zolağında baş verən hadisələrdir. İsrailin bölgədə artan aqressiyası da tərəfləri müəyyən məsələlər üzrə daha çox məsləhətləşməyə sövq edir. Lakin bütün bu təmaslara baxmayaraq, İran və Türkiyə arasında real, dərin və səmimi bir yaxınlaşmadan danışmaq hələ tezdir. Çünki qeyd olunduğu kimi, İranın bölgədəki strateji maraqları və Türkiyə əleyhinə çəkilən bəzi addımları hələ tam şəkildə aradan qalxmayıb. Buna görə də mövcud dinamikanı daha çox taktiki və diplomatik gediş kimi qiymətləndirmək daha doğru olardı".

Rəfiqə Namazəliyeva,

AzNews.az