NATO Norveçdəki aviabazalarından birini bağlayıb

3 Dekabr 2025 13:31 (UTC+04:00)

Norveçin şimalında Andoya adasındakı NATO aviabazasının komandanı bazanın bağlanması barədə qərar qəbul edib.

Aznews.az xəbər verir ki, bu barədə "Forsvarets forum" nəşri məlumat yayıb.

"Bazanın komandiri Eystein Dalberq uçuş-enmə zolağının betonundakı çatlar, torpaq eroziyası və digər səbəblərə görə obyekti bağlayıb. O hesab edib ki, hava limanının istifadəsinə davam etmək pilotlar və təyyarələr üçün təhlükə yarada bilər", - məqalədə qeyd edilib.

Bildirilib ki, 2016-cı ildən bəri obyekt NATO qüvvələri üçün ehtiyat aerodrom və dəstək bazası kimi istifadə olunub. Eyni zamanda, burada Norveçin pilotsuz uçuş aparatlarının istehsalı mərkəzini açmaq və alyansın "Cold Response" ("Soyuq Cavab") təlimlərində bazanın istifadə edilməsi planlaşdırılırdı. Təlimlərin 2026-cı ilin mart ayında keçirilməsi nəzərdə tutulurdu.

Bağlanma qərarından sonra bazanın funksiyalarını Norveçin şimalındakı digər obyektlər öz üzərinə götürməli olacaqlar.