“Təhlükəli oyunlar uşaqların özünə nəzarətini məhv edir” - Hüseyn İbrahimov

3 Dekabr 2025 19:18 (UTC+04:00)

“Bu kimi hallar, təbii ki, təəssüf doğuran hallardır və artıq qlobal dünyada təhlükəli bir tendensiyaya çevrilib. Belə situasiyalarda bəzən uşaqların ABŞ və Britaniyada müşahidə olunan və məktəblərdə kütləvi cinayətlərə qədər gedib çatan hadisələrə bənzər davranışlar göstərdiklərinin şahidi oluruq. Təəssüf ki, bu cür hallar son dövrlərdə daha çox nəzərə çarpır. Bu kimi mənfi tendensiyalar cəmiyyətimizdə də müəyyən fəsadlar yaradır və ailə institutunda bir sıra vacib məsələlərə nəzarətin artırılmasını zəruri edir. Qeyd etməliyik ki, hazırda bir çox təhlükəli oyunlar mövcuddur və bu oyunların təsiri altına düşən uşaqlar, sanki həmin oyunların ssenarilərini öz davranışlarına köçürürlər. Bu oyunların adlarını çəkmək istəmirəm, çünki bu, əlavə reklam xarakteri daşıya bilər. Lakin demək olar ki, 3–4 belə oyun var və uşaqların əksəriyyəti onları bilir. Valideynlər soruşduqda onlar bu oyunları asanlıqla adlandıra bilirlər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

Qeyd edək ki, son günlər Bakının Binəqədi rayonunda 13 yaşlı yeniyetmə qızın meyitinin mənzildə aşkarlanması və onun gecələr gizli şəkildə telefonda qorxulu videolara baxması barədə məlumatlar cəmiyyətdə ciddi narahatlıq yaradıb. Hadisə yeniyetmələrin rəqəmsal mühitdə nəzarətsiz qalması, ailə ilə kommunikasiya boşluğu, psixoloji həssaslıq və internetdə yayılan radikal, qorxu yaradıcı kontentlərin təsiri kimi mühüm sosial məsələləri yenidən gündəmə gətirir. Bu cür hadisələr təkcə fərdi tragediya deyil, həm də daha geniş sosial proseslərin – ailədaxili münasibətlərin dəyişməsi, sosial media mədəniyyətinin təsiri və yeniyetmələrin təhlükəsiz inkişaf şəraitinin zəifləməsi kimi məsələlərin göstəricisi sayılır.

Sosioloq bildirib ki, bu oyunların personajları və süjet xətti uşaqların şüuruna nüfuz edir, onların davranışlarına təsir göstərir və gələcək addımlarını formalaşdırır.

"Bu ssenarinin ardınca gedən uşaqlar zamanla suiqəsd və ya özünəqəsd hallarına meylli ola bilirlər. Əgər uşağın ailədə stressi varsa, psixoloji depressiya yaşayırsa və eyni zamanda belə oyunların iştirakçısıdırsa, o zaman özünə nəzarəti demək olar ki, itirir. Halbuki sosial nəzarətin ən mühüm forması insanın özünə nəzarətidir. Heç bir sosial institut, nə ailə, nə məktəb, nə də digər qurumlar insanın özünə nəzarəti qədər təsir gücünə sahib ola bilməz. Təəssüf ki, bu gün yeniyetmə və gənclər arasında özünə nəzarət xeyli zəifləyib. Sosialoloqların qənaətinə görə, sosial nəzarətin 70%-ni məhz özünə nəzarət təşkil edir. Gənclərin təhlükəli və qorxulu oyunlara aludə olması bu mexanizmi daha da zəiflədir. Yüksək texnologiyaya, rəqəmsal mühitə və süni intellekt modellərinə əsaslanan oyunlar çox sürətlə uşaqların şüuruna təsir edir. Bu təsir davamlı olduqda onlarda zorakılığa meyl, ekstremal davranışlara maraq artır və özünə nəzarət daha da azalır. Gənclik yaşına çatmış və yuxarı yaş qruplarında sosial nəzarətin bərpası daha çətin olur. Lakin yeniyetmələr və uşaqlar üçün bu prosesdə ailənin rolu daha böyükdür. Çünki uşaqlarda sosial nəzarət mexanizmləri tam formalaşmadığından, ailənin nəzarəti həlledici əhəmiyyət daşıyır. Ailələr uşaqlarının hansı oyunları oynadığını, hansı fəaliyyətlərlə məşğul olduğunu, təhlükəli oyunlara meyllərinin olub-olmadığını mütləq bilməlidirlər. Heç olmasa həftədə və ya ayda bir neçə dəfə bu məsələ ilə maraqlanmaq vacibdir. Bu istiqamətdə ailənin üstün rolu daha da artırılmalıdır. Bununla yanaşı, məktəblərdə də bu mövzuda xüsusi maarifləndirici dərslərə ehtiyac var. Hazırda müxtəlif texnologiya və humanitar fənlər tədris olunur və uşaqlar texnologiyanı yaxşı mənimsəyirlər, süni intellektdən bəhrələnirlər. Ancaq süni intellekt heç vaxt insanı əvəz edə bilməz və uşaqlara texnologiyanın yaratdığı mənfi trendlərdən qorunma yolları da öyrədilməlidir. Necə ki, saytların kibertəhlükələrdən qorunması üçün mexanizmlər mövcuddur, eləcə də uşaqların təhlükəli oyunlardan qorunması üçün də mexanizmlər olmalıdır. Bu istiqamətdə xüsusi proqramların yaradılması və 18–20 yaşa qədər uşaqların bu cür oyunlara girişinin məhdudlaşdırılması daha effektiv nəticə verə bilər. Çünki valideyn qadağası sosial nəzarətin tam təmin olunması üçün kifayət etmir. Burada sanksiyalaşdırılmış sosial nəzarət modelinə ehtiyac var. Bu da, təbii ki, həmin proqramlarda yaş hədlərinin düzgün tənzimlənməsi və təhlükəli kontentə çıxışın məhdudlaşdırılması ilə mümkündür".

Rəfiqə Namazəliyeva,

AzNews.az