"Artıq sülhün praktiki nəticələrini bir neçə dəfə görmüşük. Ermənistana Azərbaycan təyyarəsi gedib, Azərbaycana isə Ermənistan təyyarəsi daxil olub. Vətəndaş cəmiyyəti nümayəndələrinin dəstəklədiyi “sülh körpüsü” təşəbbüsü çərçivəsində qeyri-hökumət təşkilatlarının və ekspertlərin iştirakı ilə həm Bakıda, həm də İrəvanda görüşlər keçirilib. Bu addımlar təbii ki, qarşılıqlı etimadın qurulmasına xidmət edir. Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü son şərt mütləq həllini tapmalıdır. Bu şərt ondan ibarətdir ki, Ermənistanın Müstəqillik Aktında və Konstitusiyasının Preambulasında yer alan mübahisəli çağırışlar aradan qaldırılmalıdır. Həmin müddəalar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri, Qarabağ və Şərqi Zəngəzurun, Ermənistanın tərkibinə qatılmasına çağırışdır. Bu cür iddialar Ermənistanın ali sənədlərində olduğu müddətdə Azərbaycan sülh müqaviləsini imzalaya bilməz. Buna görə də həmin müddəalar dəyişdirilməlidir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Xatırladaq ki, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın Bakıya səfəri regionda sülh prosesinin növbəti mərhələyə keçdiyini göstərir. İki ölkə arasında QHT nümayəndələrinin qarşılıqlı səfərləri və danışıqların vasitəçilərsiz aparılması isə tərəflər arasında münasibətlərin normallaşmasında mühüm addım kimi qiymətləndirilir.
Deputat bildirib ki, konstitusiya dəyişikliyinin həyata keçirilməsi üçün Ermənistana təbii olaraq müəyyən vaxt lazımdır.
"Ölkədə Milli Məclisə seçkilər yaxınlaşır və həm Baş nazir Nikol Paşinyanın, həm parlament sədrinin, həm də Xarici İşlər Naziri Ararat Mirzoyanın açıqlamalarından görünür ki, onlar cəmiyyətə Konstitusiyanın dəyişdirilməsinin labüdlüyü barədə mesajlar verirlər. Bu, onu deməyə əsas verir ki, əgər növbəti seçkilərdə Paşinyanın partiyası qalib gələrsə və o yenidən baş nazir olsa, referendumun keçirilməsi gündəmə gələcək. Parlamentdə kifayət qədər səs çoxluğu ilə referendumun təşkili təsdiqlənsə, həmin dəyişikliklərlə bağlı ölkə üzrə səsvermə keçiriləcək. Referendumda müsbət və ya mənfi qərar vermək isə xalqın öz seçimidir. Əgər erməni cəmiyyəti regionun rifahını, dövlətin iqtisadi inkişafını, sülhü, sabitliyi və təhlükəsizliyi istəyirsə, dəyişikliklərin lehinə səs verməlidir. Əks halda, mənfi qərar region üçün daha ağır nəticələrə səbəb ola bilər. Belə bir vəziyyətdə Vaşinqtonda imzalanmış bəyanatın əksi nəticə doğacaq və bu, Ermənistanın dövlət kimi nüfuzuna mənfi təsir göstərəcək. Eyni zamanda, əgər tərəqqiyə səs verilməzsə, gələcəkdə bütün Ermənistan bu qərarın mənfi fəsadlarını yaşayacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az