“Ermənistanda uzun illər ərzində formalaşmış radikal təfəkkür cəmiyyətin qütbləşməsinə səbəb olub və reallığı qəbul etməmək kimi problemlər yaradıb. Hazırda Baş nazir Paşinyan isə Azərbaycan və Türkiyə ilə münasibətləri uzlaşdırmağa çalışır ki, bu, müsbət addım kimi qiymətləndirilir. Lakin ölkədəki radikal qrup köhnə məsələlərə qayıtmaq və Qarabağla bağlı əvvəlki iddiaları canlandırmaq istiqamətində fəaliyyətini davam etdirir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Qeyd edək ki, Ermənistanda son aylarda siyasi gərginlik artmaqdadır. Baş nazir Nikol Paşinyan praqmatik xətt yürütməyə çalışsa da, radikal revanşist düşərgə, xüsusilə “Qarabağ klanı”, köhnə narrativləri yenidən gündəmə gətirərək hakimiyyət uğrunda mübarizəni qızışdırır. Hökumətin Qarabağ danışıqlarına dair arxiv sənədlərini açıqlamasından sonra Paşinyan müxalifətin ittihamlarına cavab olaraq bildirib: “30 il hakimiyyətdə olan Köçəryan-Sarkisyan cütlüyü həll imkanı var idisə, bunu niyə reallaşdırmadı?” Baş nazir onların açıqlamalarını isə “siyasi manipulyasiya” adlandırıb.
Siyasi şərhçi bildirib ki, bu tendensiya təbii olaraq gərginlik yaradır və prosesin stabilləşməsinə əngəl törədir.
“Paşinyanın bu problemləri köklü və davamlı şəkildə həll etməsi vacibdir. Əks halda, radikal qrupun fəaliyyətindən yaranan gərginliklər zaman-zaman yenidən ortaya çıxacaq. Radikalların anlaması vacibdir ki, onların təsəvvür etdiyi köhnə dövr artıq keçmişdə qalıb və geri qaytarmaq mümkün deyil. Bu baxımdan, sülh prosesinin davamlılığı Paşinyanın strateji qərarlarına və radikal qrupların konstruktiv mövqeyinə bağlıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az