“İranda sosial narazılıq sistemli böhran mərhələsinə keçib” - Həşim Səhrablı

3 Dekabr 2025 22:12 (UTC+04:00)

“İranda uzun müddətdir davam edən sosial narazılıq və daxili gərginliklər cəmiyyətlə hakimiyyət arasında dərin uçurumun mövcudluğunu göstərir. 2006-cı ilin kütləvi çıxışları və 2010-cu illərdə baş verən etirazlar bu problemin sistemli xarakter aldığını bir daha təsdiqləyir. Hakimiyyət də vəziyyətin ağırlığını yaxşı anlayır və prezident Məsud Pezeşkianın son çıxışlarında bu həssaslıq açıq şəkildə hiss olunur. ABŞ və İsraildə yayımlanan bəzi proqnozlarda sosial narazılıqların rejimin çökməsinə səbəb ola biləcəyi ehtimalı irəli sürülsə də, bunun real perspektiv olmadığı vurğulanır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Xatırladaq ki, “İsrael Hayom” nəşri yazır ki, Benyamin Netanyahunun prezident İshaq Hersoqa ünvanladığı əfv məktubu İran daxilində rejimin zəifləməsi ilə bağlı gizli proseslərin ola biləcəyinə dair ehtimalları gücləndirib. Mənbələr qeyd edir ki, ölkədə narazılıq fonunda hakimiyyət dəyişikliyi baş verərsə, bu, İsrail üçün təhlükəsizlik baxımından mühüm üstünlüklər yarada bilər. Qəzet həmçinin İsrail–Səudiyyə Ərəbistanı əməkdaşlığında irəliləyişlərin müşahidə olunduğunu qeyd edir.

Siyasi şərhçi qeyd edib ki, İran cəmiyyəti ABŞ və İsraili ideoloji rəqib kimi gördüyü üçün xarici müdaxiləyə qarşı qapalı mövqedə dayanır.

"Pezeşkianın prezident seçilməsi mövcud narazılıqların bir qədər yumşaldılması üçün hakimiyyətə əlavə imkan verib. Xüsusən də Azərbaycan Türkləri daxil olmaqla əhalinin böyük bir hissəsi yeni prezidentdən real dəyişiklik gözləyir. Əgər Pezeşkian hökumətinə islahatlar aparmaq üçün kifayət qədər şərait yaradılarsa, mövcud siyasi sistem müəyyən müddət özünü qoruyub saxlaya bilər. Əks halda, problemlərin dərinləşməsi ölkəni yeni bir inqilab mərhələsinə gətirib çıxara bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az