“ABŞ müharibəni bitirmək istəyir, Avropa isə tərəddüd edir” - Kənan Novruzov

3 Dekabr 2025 23:32 (UTC+04:00)

“Şərqi Avropada artıq 3 ildir davam edən müharibənin yaxın zamanda sona çatacağına dair ciddi ümid və ehtimallar yaranıb. Bu ümidlərin əsas qaynağı ABŞ-nin indiki səyləridir. Çünki ABŞ-ın hazırkı Donald Tramp administrasiyası əvvəlki hakimiyyətdən fərqli olaraq müharibənin uzanmasında deyil, onun tezliklə başa çatmasında maraqlıdır. Niyə? Bunun bir neçə izahı var. Birincisi, ABŞ Rusiyayla münasibətlərin daha da gərginləşməsini istəmir. Vaşinqton Moskva ilə müəyyən iqtisadi və siyasi kanalların açıq qalmasında maraqlıdır. İkincisi, ABŞ müharibə bitdikdən sonra diqqətini Yaxın Şərqə və Çinlə münasibətlərin tənzimlənməsinə yönəltmək niyyətindədir. Üçüncüsü, ABŞ müharibədən sonra Ukraynaya genişmiqyaslı investisiya yatırmaq istəyir. Dördüncüsü, Tramp öz siyasi imicini “müharibələri dayandıran lider” kimi formalaşdırmağa çalışır. O, çıxışlarında dəfələrlə bildirib ki, “8 müharibəni bitirmişəm”, baxmayaraq ki, bu iddiaların hamısı reallığa tam uyğun deyil. Hətta bilirsiniz ki, vaxtilə Nobel Sülh Mükafatına da iddialı idi”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, noyabrın 29-da Ukrayna nümayəndə heyəti sülh planını müzakirə etmək üçün ABŞ-a yola düşüb. Mayamidə aparılan danışıqlarda ABŞ Ukrayna ilə sülh planının iki əsas bəndi — ərazi məsələləri və təhlükəsizlik təminatları üzrə bütün mübahisələri həll etmək niyyətində olub. Bundan sonra Zelenski NATO Baş katibi Mark Rutte ilə telefon danışığında hər şeyin dəyişə biləcəyini vurğulayıb ki, bu da müharibənin dayandırılma ehtimalını yenidən gündəmə gətirib. Müharibə dayandıqdan sonra yaranacaq vəziyyət isə hələ də maraq doğurur. Bəzi ekspertlər hesab edir ki, münaqişə sona çatdıqdan sonra Rusiya diqqətini digər regionlara yönəldə bilər.

Siyasi şərhçi qeyd edib ki, məhz bu səbəblərdən ABŞ eyni zamanda həm Rusiya, həm də Ukrayna ilə təmasları davam etdirir və hər iki tərəfə fərqli istiqamətlərdə təzyiq göstərir.

"Ukraynaya əsas təzyiq aləti hərbi yardımın gecikdirilməsi və ya müəyyən dövrlərdə dayanmasıdır. Bu, Kiyevə qarşı bir növ siyasi mesaj funksiyası daşıyır. Rusiya istiqamətində isə ABŞ daha ehtiyatlı davranır, lakin eyni zamanda Avropaya təzyiq edərək Rusiyanın qaz və neft məhsullarına qarşı sanksiyalar paketinin davam etdirilməsini istəyir. Hazırda ən böyük problem Avropanın mövqeyidir. Çünki Moskva istəsə, müəyyən şərtlərlə sülh sazişi imzalamağa hazır ola bilər. Lakin Avropa buna isti baxmır. Niyə? Birincisi, Avropa hazırda Rusiyadan münasib qiymətə enerji alır və müharibə bitdikdən sonra bu imkanı itirəcəyindən ehtiyatlanır. İkincisi, Avropa müharibədən sonra Rusiyanın növbəti hədəfinin hansısa Avropa ölkəsi ola biləcəyindən narahatdır. Bu narahatlığın məntiqi var: Rusiya Şərqi Avropada strateji üstünlüyə malik olsa da, müharibə ona çox böyük iqtisadi zərbə vurub. İqtisadiyyat zəifləyib, cəmiyyətdə narazılıq artıb. Müharibə şəraitində xalq hakimiyyətə qarşı çıxmır, amma müharibə bitsə, böyük etiraz dalğası yarana bilər. Vladimir Putin bunu başa düşdüyü üçün diqqəti yayındırmaq məqsədilə yeni bir münaqişə ocağı yarada biləcəyi ehtimalı müzakirə olunur. Putin özü də zaman-zaman “Avropa müharibə istəyirsə, biz hazırıq” tipli mesajlar verir. Düzdür, onun Avropa ilə genişmiqyaslı müharibədə maraqlı olduğu inandırıcı görünmür, amma geri də çəkilməyəcəyi aydındır. Bu səbəbdən mən həmişə deyirəm: danışıqlar gedir, irəliləyiş var, amma müharibə hər an genişlənə də bilər. Hər an hansısa yeni ölkə müharibəyə qoşula və ya münaqişə başqa regiona sıçraya bilər. Avropa ABŞ-ın diplomatik səylərinin real nəticə verdiyini görsə, təsir imkanlarını artırmaq məqsədilə daha sərt və təxribat xarakterli addımlar ata bilər. Bu, Ukraynaya daha müasir silahların verilməsi, müəyyən hərbi kontingentlərin göndərilməsi və Rusiyanı hədələyən siyasi açıqlamaların səsləndirilməsi şəklində özünü göstərə bilər. Hətta Cənubi Qafqazda, Ermənistan və Gürcüstan vasitəsilə Rusiyaya qarşı ikinci cəbhə açılması ssenarisi də istisna edilmir. Azərbaycanın bu ssenaridə iştirak ehtimalı çox aşağıdır: Avropanın Bakıya təzyiq imkanları məhduddur və Azərbaycan diplomatiyası belə təxribatlara getməyəcək qədər təcrübəlidir. Ümumi mənzərə belədir: perspektivdə müharibənin bitmə ehtimalı var, amma eyni zamanda genişlənmə riski də yüksək olaraq qalır. Hətta bu proseslərin nəzarətdən çıxması üçüncü dünya müharibəsi ssenarisini aktuallaşdıra bilər. Müharibə bitsə nə baş verəcək? Çox güman ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəni tərk etməyə məcbur olacaq. Onsuz da uzun müddətdir Zelenskinin hakimiyyətdən getməsi barədə iddialar var. Hətta Ukraynanın keçmiş baş komandanı Valeri Zalujnının hakimiyyətə gətirilməsi ilə bağlı ssenarilər müzakirə edilirdi. Mövcud şərtlərlə sülh sazişinin imzalanması Zelenski üçün siyasi baxımdan ciddi risk daşıyır, çünki belə bir addımın cəmiyyətdə geniş narazılıq və etirazlara səbəb olacağı ehtimalı böyükdür. Zelenski hakimiyyətdən gedəcək, amma sual budur: qəhrəman kimi, yoxsa “xain” damğası ilə? Ona görə də istisna etmirəm ki, Zelenski ABŞ-dan təhlükəsizlik təminatı tələb edir. Çünki onun barəsində sui-qəsd ehtimalı gündəmdə qala bilər. Rusiyada isə vəziyyət müharibənin nəticəsindən birbaşa asılıdır. Müharibə bitərsə, cəmiyyətin daxili təzyiqləri arta və Kremlin siyasi davranışları dəyişə bilər. Lakin müharibənin hansı şərtlərlə bitəcəyi bütün bu ssenarilərin taleyini müəyyən edəcək. Müharibə bitsə, Rusiyada nə baş verəcək? Rusiya növbəti bir müharibəyə başlaya bilər, yoxsa bu müharibənin sona çatması Vladimir Putinin hakimiyyətinin sonunu gətirə bilər. Müharibənin bitməsi ilə ölkədə tamamilə yeni bir dövr başlayacaq və eyni zamanda xalqın etiraz dalğası yaratması ehtimalı istisna deyil. İqtisadi vəziyyətin normallaşması və sanksiyaların təsirlərinin aradan qalxması isə uzun müddət tələb edəcək. Rusiya vətəndaşları sanksiyaların təsirini hələ uzun müddət hiss edəcək. Buna baxmayaraq, hazırkı proseslərin fonunda qarşıdakı bir həftə-on gün həlledici rol oynaya bilər. Bu müddət ərzində həm Ukraynada ciddi siyasi kataklizm hallarının, həm də müharibənin genişlənmə ehtimalının şahidi ola bilərik”.

Rəfiqə Namazəliyeva,

AzNews.az