Azərbaycan Biznesinin İnkişafı Fonduna sədr təyin edilib

4 Dekabr 2025 11:39 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinə sədr təyin edilib.

Aznews.az xəbər verir ki, bu, Ülvi Eldar oğlu Mansurovdur.

O, 1983-cü ildə Bakıda anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili, 2015-ci ildə isə Böyük Britaniyanın Vorvik Universitetinin Biznes Məktəbində MBA dərəcəsi alıb, 2013-cü ildə Azərbaycanda fəlsəfə doktoru, 2024-cü ildə isə Vorvik Universitetində biznes idarəçiliyi üzrə doktorluq dərəcəsinə yiyələnib.

Ü.Mansurov əmək fəaliyyətinə "Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) başlayıb, 2001-2012-ci illərdə ABB-də müxtəlif vəzifələrdə çalışıb, 2012-ci ildə "Bank Technique" ASC-nin İdarə Heyətinin (İH) sədri, 2015-ci ildə isə ABB-nin İH sədrinin müavini vəzifəsinə təyin olunub.

O, 2017-ci ildən "Azərpoçt" MMC-nin baş direktoru, 2018-ci ildən Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru, 2020-ci ildən bu təyinata qədər isə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru vəzifələrində çalışıb.