ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) nümayiş komandasında xidmət edən F-16 tipli döyüş təyyarəsi Kaliforniya ştatının cənubunda qəzaya uğrayıb. Təyyarənin pilotu özünü katapult etməyə müvəffəq olub və xəstəxanaya yerləşdirilib.
Nellis Hərbi Hava Qüvvələri bazasının yaydığı məlumata görə, USAF-in “Thunderbirds” akrobatika komandasına məxsus F-16C “Fighting Falcon” təyyarəsi San Bernardino bölgəsində, Trona hava limanı yaxınlığında yerə çırpılıb.
San Bernardino Rayon Yanğınsöndürmə İdarəsinin açıqlamasında bildirilib ki, pilot qəza baş verməzdən əvvəl təyyarəni tərk edərək həyatını xilas edib və hazırda xəstəxanada müalicə olunur.
Məlumatda qeyd olunur ki, təyyarə Los-Ancelesdən təxminən 290 kilometr şimalda, Trona bölgəsində, Kaliforniyanın nəzarət edilən hava məkanında təlim uçuşunda iştirak edirmiş.
Qəzanın səbəblərinin araşdırılması üçün istintaq işləri davam etdirilir.
Rəsmi adı “ABŞ Hərbi Hava Qüvvələri Aviaşou Eskadrilyası” olan və ictimaiyyət arasında “Thunderbirds” kimi tanınan bu birlik yüksək sürətli və mürəkkəb hava akrobatikası nümayişləri ilə məşhurdur.
Mövsüm,
AzNews.az