“Paşinyanın arxivləri açması diplomatik yox, daxili siyasi gedişdir” - Elçin Mirzəbəyli

4 Dekabr 2025 16:32 (UTC+04:00)

“Ermənistan hökumətinin dekabrın 2-də 13 sənədi ictimaiyyətə açıqlaması regionda formalaşmış yeni reallığın fonunda baş verir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması və iki ölkə liderinin birgə bəyannamə imzalaması göstərir ki, hazırkı mərhələdə proses əsasən tərəflərin siyasi iradəsi üzərində qurulub. Belə bir şəraitdə Ermənistan hökumətinin arxiv sənədlərini üzə çıxarması keçmiş danışıqların mahiyyətini, o cümlədən əvvəlki hakimiyyətlərin mövqelərini ictimai rəyə yenidən təqdim etmək cəhdidir və daha çox daxili siyasi məqsədlərə xidmət edir.

Paşinyanın çıxışlarında diqqəti cəlb edən əsas məqam onun keçmiş hakimiyyətlərə yönəltdiyi “30 il imkan var idi, niyə həll etmədiniz?” ittihamıdır. Bu yanaşma hazırkı diplomatik mühitdə real təsir gücünə malik arqument kimi çıxış etmir. Çünki artıq münaqişə faktiki olaraq öz həllini tapıb, regional güc balansı dəyişib və sülh sənədi paraflanıb”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Qeyd edək ki, Ermənistan hökuməti dekabrın 2-də Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair 13 sənədi ictimaiyyətə açıqlayıb. Paketə ATƏT-in Minsk qrupunun tövsiyələri, Krakov və Kazan sənədləri, Madrid Prinsipləri, eləcə də Rusiya və Ermənistan liderləri arasında yazışmalar daxildir. Bu addım keçmiş danışıqların tarixçəsini sənədləşdirmək və prosesə dair daxili şəffaflıq yaratmaq məqsədi daşıyır. Baş nazir Nikol Paşinyan isə müxalifətin tənqidlərinə cavabında paketdəki məlumatlara istinad edərək öz mövqeyini əsaslandırıb və əvvəlki hakimiyyətləri ittiham edib: “Danışıqlar paketi yayımlandı, amma yenə də köhnə narrativlər səslənir. Əgər həqiqətən Ermənistanın maraqlarına uyğun həll imkanı var idisə, 30 ildən artıq hakimiyyətdə olduğunuz dövrdə niyə bunu etmədiniz?”.

Deputat qeyd edib ki, belə bir mərhələdə Paşinyanın keçmiş dövrlərə istinad edərək irəli sürdüyü arqumentlər daha çox daxili siyasi narrativlərin formalaşdırılmasına xidmət edir.

"O, cəmiyyətdə yaranmış narazılıqları azaltmaq, elita daxilindəki təzyiqləri neytrallaşdırmaq və sülh razılaşması ilə bağlı məsuliyyət yükünü təkbaşına daşımaqdan yayınmaq üçün keçmişi aktual siyasi mübarizə predmetinə çevirir. Diplomatik baxımdan isə bu ritorika heç bir real çəkisi olmayan populist üslubdur. Sülh prosesi artıq danışıqların tarixi yükü ilə deyil, hazırkı gerçəkliklə müəyyən olunur. Bu baxımdan, Paşinyanın keçmişi hədəf alan arqumenti nə sülh müqaviləsinin məzmununa, nə də onun icrasına təsir göstərmir. Lakin daxili siyasi müstəvidə bu ifadələr müəyyən effektivliyə malikdir. Ona görə ki, Paşinyan hakimiyyəti özünü “çətin qərarları verməyə məcbur qalmış, lakin əvvəlkilərdən daha məsuliyyətli” siyasi qüvvə kimi təqdim etmək istəyir. Beləliklə, Ermənistanın Serj Sarkisyanın yayımlaması və Paşinyanın ritorikası indiki sülh prosesinə təsir edən faktor deyil. Bu addım yalnız daxili siyasi balansları formalaşdırmaq üçün istifadə olunur və Paşinyanın bəyanatı diplomatik arqumentdən çox populist müdafiə mexanizmi kimi çıxış edir. Regionun mövcud reallığında isə proses tərəflərin iradəsi və artıq müəyyən edilmiş razılaşmalar əsasında irəli gedir. Əvvəlki siyasi dövrlərin məsuliyyətinin kimə aid olması isə sülhün gələcək taleyini müəyyənləşdirən amil deyil".

Rəfiqə Namazəliyeva,

AzNews.az