"Təəssüflə qeyd etmək lazımdır ki, artıq beynəlxalq normalar, qanunlar, dövlətlərarası sənədlər və ümumiyyətlə, beynəlxalq təşkilatların qəbul etdiyi ən yüksək səviyyəli sənədlər heç bir işə yaramır. Güc faktoru ön plana çıxıb və ondan sonra yeni texnologiyalara sahib olanlar daha irəli gedir. Faktiki olaraq, bu gün bütün dünyada, qlobal səviyyədə “güclüsənsə haqlısan” prinsipi işləyir. Zəif olanlar isə ədalət arayışında heç bir nəticə əldə edə bilmir. Yəni, faktiki olaraq BMT kimi təşkilatlar, dünyanın bütün dövlətlərini birləşdirən qurumlar, artıq lazımsız bir struktura çevrilib. Onlar toplantılar keçirir, müzakirələr təşkil edir, qərarlar və qətnamələr qəbul edirlər, amma bunlar kağız üzərində qalır, heç bir nəticə vermir. Elə bu illər ərzində, məsələn, Azərbaycanla bağlı dörd qətnamə qəbul olunub; Qarabağ münaqişəsi çərçivəsində, Ermənistanın işğal etdiyi torpaqlardan çıxması ilə bağlı BMT-nin qərarları on illər boyunca yerinə yetirilmədi və heç bir nəticə vermədi".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Xatırladaq ki, beynəlxalq təşkilatların nüfuzu zəiflədiyi bir dövrdə qlobal idarəetmədə yeni güc mərkəzləri formalaşır. Dövlətlərin təsir imkanlarını müəyyən edən amillər dəyişir, liderliyin əsas konturları isə texnoloji inkişaf, innovasiya və insan kapitalı üzərində cəmləşir.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan bu vəziyyətdə gücünü topladı, mövqeyini möhkəmləndirdi və haqlı olduğunu sübut edə bildi.
"Beləliklə, güc faktoru önə çıxmış oldu. Bu səbəbdən beynəlxalq qurumların və ayrı-ayrı dövlətlərin mövqeləri artıq faktiki olaraq gücün təsiri ilə ölçülür. Kimin gücü varsa, o haqlı sayılır. Eyni prinsip Rusiya-Ukrayna müharibəsində də görünür. Rusiya daha güclü olduğu üçün Ukrayna torpaqlarını işğal edib və ilhaq edib. 2014-cü ildə Rusiya Ukraynanın ərazisi olan Kırımı ilhaq edərkən dünya buna sakit reaksiya verdi. Niyə? Çünki Rusiya daha güclü idi və güclü dövlətlərlə hesablaşmaq məcburiyyətində qaldılar. Hazırda da Rusiya daha güclü olduğuna görə dünya onunla hesablaşır. Sanksiyalar tətbiq olunsa da, faktiki olaraq Rusiyanı sıxışdırmırlar. Beləliklə, Rusiya işğal etdiyi torpaqlara sahiblənmək üçün bütün imkanlara malikdir. Nəyə görə? Çünki Ukraynadan və digər dövlətlərdən daha güclüdür; digər dövlətlər isə Rusiyanı əsəbləşdirməmək üçün hər cür ehtiyatlı davranırlar. Göründüyü kimi, dünya düzəni artıq gücün ədalət üzərində qələbəsi dövrünü yaşayır. Güclüsənsə haqlısan, zəifsənsə ədalət arayışının heç bir nəticəsi olmayacaq. Öz üzərimizdə bunu müşahidə etdik və bir daha təsdiqləndi".
Rəfiqə Namazəliyeva,
AzNews.az