“Ümumiyyətlə, bütün valideynlər övladlarına, xüsusilə məktəblilərə və azyaşlı uşaqlara ciddi nəzarət etməlidirlər. Təəssüf ki, valideynlərin çoxu övladlarına smartfon verir, lakin onların telefonda nələrə baxdığını, nələrə girdiyini və nəyi izlədiyini izləmirlər. Bu da sonradan ciddi problemlərlə nəticələnir və peşmançılıq artıq heç nəyi dəyişmir. Mütləqdir ki, orta ümumtəhsil məktəbində aşağı sinif şagirdləri həm valideynləri, həm də müəllimlər tərəfindən nəzarət altında olmalıdır. Arzu olunan odur ki, ilkin növbədə azyaşlı uşaqlara smartfonlar verilməsin. Əgər əlaqə saxlamaq zəruridirsə, sadə mobil telefon kifayət edir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, Bakının Binəqədi rayonunda 13 yaşlı yeniyetmə qızın mənzildə ölü tapılması və hadisə ilə bağlı ortaya çıxan detallar cəmiyyətdə ciddi narahatlıq yaradıb. Mərhumun atasının sözlərinə görə, yeniyetmə gecələr ailədən gizli şəkildə telefonda qorxulu, mistik və psixoloji gərginlik yaradan videolara baxırmış. Onun dəftərində bu təsirləri əks etdirən qorxu temalı rəsmlər də aşkarlanıb. Hadisə bir daha sosial şəbəkə məzmunlarının nəzarətsiz istifadəsi, uşaqların psixoloji təhlükəsizliyi və ailə–məktəb–mütəxəssis əməkdaşlığının zəruriliyi məsələlərini gündəmə gətirir.
Ekspert qeyd edib ki, təəssüf ki, bu gün çox valideyn uşaqlarına, hətta bir-iki-üç yaşlı körpələrə belə telefon verirlər ki, uşaqlar tək qalsın və istədikləri saytlara daxil ola bilsinlər.
"Bugünkü internet və texnologiya dövründə hər kəs istənilən sayta asanlıqla daxil ola bilir. Uşaqlar psixoloji narahatlıq doğura biləcək saytlara, verilişlərə, filmlərə və hazırlanmış video materiallara baxa bilər və bundan təsirlənə bilərlər. Belə halların qarşısını almağın ən yaxşı yolu uşaqlara smartfon verməmək və verilmiş telefonlara ciddi nəzarət etməkdir. Valideynlər, xüsusilə analar, uşaqların hansı saytlara baxdığını və nə ilə məşğul olduqlarını həftədə ən azı bir dəfə yoxlamalıdır. Azyaşlı uşaqlar hər şeyə daxil ola bilər, lakin telefon vasitəsilə valideynlər onların hər addımını rahatlıqla izləyə bilərlər. Bu məqsədlə müxtəlif proqramlar mövcuddur və onlar vasitəsilə uşağın telefonu asanlıqla nəzarət altına alınabilir. Təəssüf ki, çox vaxt biz yalnız hadisədən sonra təşvişə düşürük. Hesab edirəm ki, bu məsələnin qarşısını almaq üçün ilkin növbədə orta məktəb şagirdlərinin, xüsusilə azyaşlıların mobil telefondan uzaqlaşdırılması vacibdir. Uşağa telefon verildikdən sonra onu əlindən almaq müəyyən psixoloji narahatlıqlar yarada bilər. Telefon artıq uşağın həyatının bir parçası olur və alınması müəyyən problemlərə gətirib çıxara bilər. Əgər valideyn nəzarəti təmin edə bilirsə, telefonu verə bilər. Hətta bir dəfə ananın uşağın telefonuna baxması kifayət edər ki, uşaq nə ilə məşğul olduğunu bilsin. Bu xüsusilə qız uşaqları üçün tövsiyə olunur, lakin oğlan uşaqları üçün də eyni qayda keçərlidir. Zamanında tədbir görülərsə, hər hansı mənfi halın qarşısını almaq olar; iş işləngəndən sonra isə çox vaxt artıq heç nə etmək mümkün olmur. Məktəbdə isə sinif rəhbərləri müəyyən təbliğat apararaq bəzi saytların zərərli olduğunu şagirdlərə izah edə bilər. Azyaşlıların daha çox baxdığı seriallar, proqramlar və video çarxların onların beyinlərini bulandıracaq məzmunlardan uzaq olması üçün məktəbdə maarifləndirmə aparıla bilər. Valideynin və müəllimin mesajları üst-üstə düşdükdə, uşağın şüuru bu mövzuda formalaşa bilir. Əks halda, uşaqlar nəzarətsiz qalarsa, telefon və internet vasitəsilə istənilən arzuolunmaz saytlara daxil ola bilər və bu da təbii ki, bədbəxt hadisələrə gətirib çıxara bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az