İraqda şiələrə hücum edildi: 35 ölü

12 Sentyabr 2013 09:32 (UTC+04:00)
İraqın paytaxtı Bağdadda şiələrə növbəti hücum olub. Şəhərin şiələr məskunlaşan Kəsrə rayonunda məscid girişində iki partlayış törədilib. Axşam namazından sonra məscidə yaxınlaşan kamikadzenin özünü izdihamın arasında partlatması nəticəsində azı 35 nəfər ölüb, 52 nəfər də yaralanıb.

"Dindarlar axşam namazından çıxırdılar, elə bu vaxt terrorçu-kamikadze özünü partlatdı. Bir neçə nəfərin öldüyünü və yaralandığını gördüm. Sonra daha bir partlayış oldu. Polis hücum edən digər şəxsləri yaxalaya bilmədi" - Raad Hüseyn adlı hadisə şahidi belə deyib.

İki partlayış nəticəsində məscidə və yaxınlıqdakı binalara, mağazalara ziyan dəyib. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

BMT-nin hesablamalarına görə, son 5 ayda İraqda 4000-dən çox adam terror aktlarının qurbanı olub və bu rəqəmin 804 nəfəri avqust ayının payına düşür.(anspress)

AzNews.az