ADY-də dekarbonizasiya mərhələsi və dayanıqlı nəqliyyat modelinə keçidin regional əhəmiyyəti - ŞƏRH

5 Dekabr 2025 18:23 (UTC+04:00)

Asiya İnkişaf Bankı ilə “Azərbaycan Dəmir Yolları” arasında başlanan yeni əməkdaşlıq ölkənin dəmir yolu sektorunda dekarbonizasiya prosesinin praktiki mərhələyə keçdiyini göstərir. Tərəflər tərəfindən artıq strateji çərçivə sənədi hazırlanıb və bu sənədin tətbiqinə yönəlmiş layihə ADY-də tullantıların monitorinqi, bərpaolunan enerji investisiyalarının strukturlaşdırılması və ESG standartlarının geniş tətbiqi kimi komponentləri əhatə edir. Layihə Azərbaycanın milli iqlim öhdəliklərinə uyğun olaraq dəmir yolu sisteminin aşağıkarbonlu və daha rəqabətqabiliyyətli modelə keçidini sürətləndirən kompleks addım kimi qiymətləndirilir.

Dəmir yolu sektorunun dekarbonizasiyası qlobal miqyasda artıq strateji nəqliyyat siyasətinin əsas dayaqlarından birinə çevrilib. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, dəmir yolu nəqliyyatında enerji səmərəliliyi avtomobil nəqliyyatı ilə müqayisədə təqribən üç dəfə yüksəkdir, emissiya yükü isə əhəmiyyətli dərəcədə azdır. Xüsusilə elektrikləşdirmə, hibrid lokomotivlər və bərpaolunan enerji ilə inteqrasiya olunan infrastruktur ölkələrin iqlim məqsədlərinə yaxınlaşmasında mühüm rol oynayır. Avropa İttifaqının TEN T proqramı, Hindistanın 2030-cu ilədək dəmir yollarını tam elektrikləşdirmə strategiyası və Yaponiyanın ağıllı dəmir yolu modelləri bu tendensiyanın uğurlu nümunələri kimi çıxış edir. ADY-nin müvafiq istiqamətdə atdığı addımlar da regionda ilk geniş həcmli dekarbonizasiya proqramı kimi diqqət çəkir və Qafqaz Mərkəzi Asiya xəttində yeni standart yaradır.

Layihənin texniki və iqtisadi tərəfi həm də uzunmüddətli səmərəlilik aspektini önə çıxarır. Bərpaolunan enerji mənbələrinin dəmir yolu infrastrukturunda tətbiqi elektrik xərclərini stabil saxlayır, qiymət volatilliyindən asılılığı azaldır və əməliyyatların dayanıqlığını gücləndirir. Bu yanaşma xüsusilə yük daşımaları üçün əhəmiyyətlidir, çünki global ticarət şəbəkələrində dəmir yolu xətti enerji dayanıqlılığı və karbon izinin az olması səbəbindən getdikcə daha üstün nəqliyyat forması kimi qəbul olunur. Dünya Bankının 2024 raportunda dəmir yolu yatırımlarında aşağıkarbon modellərə keçidin həm xidmət keyfiyyətini yüksəltdiyi, həm də logistik xərcləri azaltdığı göstərilir. ADY üçün də bərpaolunan enerji layihələrinin strukturlaşdırılması uzunmüddətli xərclərin optimallaşdırılması və kapital cəlbediciliyinin artması baxımından önəmli potensial yaradır.

Dekarbonizasiya proqramına ESG mexanizmlərinin əlavə olunması isə layihənin institusional tərəfini gücləndirir. ESG standartları yalnız ekoloji deyil, həm də idarəetmə və sosial komponentləri əhatə etdiyinə görə infrastruktur layihələrinin səmərəli və şəffaf şəkildə icrasını dəstəkləyir. Bu çərçivədə gender bərabərliyinin təşviqi, insan resurslarının inklüziv inkişafı və qərarvermədə qadın iştirakının genişləndirilməsi beynəlxalq nəqliyyat qurumlarının ən müasir idarəetmə yanaşmalarına uyğun addımlardır. ADB-nin təlim və seminarlarla bu istiqamətdə dəstək verməsi ADY-də institusional bacarıqların modernləşdirilməsini sürətləndirir və qurumun beynəlxalq standartlara uyğun fəaliyyət imkanlarını genişləndirir.

Hazırkı təşəbbüsün regional miqyasda yaratdığı təsir də diqqətəlayiqdir. Azərbaycan Şərq Qərb və Şimal Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi üçün dəmir yolu sistemində dayanıqlı transformasiya yalnız milli hədəflərə deyil, həm də qlobal ticarət axınlarının daha sabit və ekoloji dost formada təşkili məqsədinə xidmət edir. Alternativ enerji əsaslı dəmir yolu infrastrukturu logistika marşrutlarının etibarlılığını artırır və tranzit yük axınları üçün əlavə cəlbedicilik yaradır. Bu isə region ölkələrinin Cənubi Qafqaz üzərindən keçən nəqliyyat xəttinə marağını daha da gücləndirir.

Mövcud layihə ADY üçün təkcə ekoloji modernizasiya deyil, həm də uzunmüddətli institusional inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Praktiki tətbiqlə müşayiət olunan bu çərçivə dəmir yolunun enerji səmərəliliyinin artırılmasını, daha dayanıqlı iş mexanizmlərinin formalaşmasını və regional logistik məkanda rəqabət qabiliyyətinin yüksəlməsini təmin edən strateji kontur yaradır. Beləliklə, ADB ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqram Azərbaycanın dayanıqlı nəqliyyat strategiyasının əsas sütunlarından birinə çevrilir və ölkənin iqlim öhdəlikləri ilə uyğun şəkildə dəmir yolu sektorunda keyfiyyətcə yeni mərhələnin başlanmasına şərait yaradır.

Aznews.az