“İqtisadi maraqlar və karbohidrogen ehtiyatları bizə əməkdaşlıqla başlayan Britaniya–Azərbaycan münasibətlərini davam etdirməyə imkan verib. Bu münasibətlər zamanla inkişaf edərək iqtisadi sistemin bütün sahələrinə şaxələnib. Həmçinin mədəni, humanitar və diplomatik sahələrdə də dərin əməkdaşlıqlar formalaşıb. Hazırki mərhələdə Azərbaycanla Böyük Britaniya arasında tamamilə yeni sahələrdə əməkdaşlıq başlayır. Bu, təhlükəsizlik, müdafiə sənayesi və qlobal əhəmiyyətli məsələlərdə tərəfdaşlıq baxımından yeni bir əməkdaşlıq mahiyyəti kəsb edir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edib. Görüşdə qonaq ölkələrimiz arasında dostluq və etimada əsaslanan münasibətləri vurğulayaraq strateji tərəfdaşlığın inkişafına maraqlı olduqlarını bildirib. Dövlət başçısı ikitərəfli münasibətlərin zəngin tarixindən danışaraq əməkdaşlığın enerji sektorundan başlayıb digər sahələrə də yayıldığını qeyd edib. Prezident İlham Əliyev ticarət, investisiya və digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanların mövcud olduğunu bildirib. Həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlığın yeni səhifəsinin açılmasını qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirib. Qonaq, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş nəticələrə görə prezident İlham Əliyevi təbrik edib. Dövlət başçısı isə sülh təşəbbüslərinin Azərbaycan tərəfindən irəli aparıldığını və ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb.
Deputat bildirib ki, bu əməkdaşlıq həm Böyük Britaniyanın, həm də Azərbaycanın maraqlarına xidmət edir.
"Nəticə etibarilə, biz 44 günlük münaqişə dövründə və sonrakı 5 il ərzində Azərbaycanın sülh əldə etmək cəhdlərində Böyük Britaniyanın dəstəyini hiss etdik. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Azərbaycanın sülh istiqamətində göstərdiyi bütün fəaliyyətləri yüksək qiymətləndirir. İqtisadi layihələr nə qədər əhəmiyyətlidirsə, regional inteqrasiya və sülh də bir o qədər vacibdir. Bu amillərin qorunması və davamlılığının təmin olunması da önəmlidir, çünki sülhün möhkəmlənməsində qüvvələr hər zaman və həmrəylikdə mövcud olmalıdır. Azərbaycanın yaratdığı yeni iqtisadi və geostrategik şərait Böyük Britaniyanın Azərbaycandakı maraqlarının uyğunlaşdırılması və ortaq hərəkət qabiliyyətinin artırılması üçün yeni zəmin yaradır. Düşünürəm ki, bu əməkdaşlığın yeni səviyyəsi Böyük Britaniya–Azərbaycan münasibətlərini fərqli bir mərhələyə qaldıracaq və strateji tərəfdaşlıq müstəvisinə gətirəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az