Namizədlər seçki şüarlarını müəyyənləşdirdi

12 Sentyabr 2013 10:04 (UTC+04:00)
2013-cü il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkisində iştirak etmək üçün artıq 7 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.

Bunlar YAP sədri, prezident İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, müstəqil namizəd Zahid Oruc, BAXCP sədri Qüdrət Həsənquliyev, ASDP həmsədri Araz Əlizadə, MDHP sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir.

AzNews.az xəbər verir ki, qafqazinfo qeyd olunan namizədlərin təbliğat-təşviqat kampaniyasında hansı şüarla gedecəklərini öyrənmək məqsədilə adıçəkilən namizədlərin bir neçəsi ilə əlaqə saxlayıb.

Qeyd edək ki, hakim partiyanın funksionerləri partiyanın seçkiyə hans şüarlarla gedecəklərini ictimaiyyətə açıqlamırlar.

Ümid Partiyasının sədr müavini Aynur İmranova qeyd edib ki, partiyanın əsas şüarı "Dəyişək"dir : "Simvolumuz isə bayrağımızın üzərində olan loqo olacaqdır. Digər seçki şüarlarımız isə hədəf qruplarına ünvanlanıb. Məsələn müəllimlər, həkimlər. Bunlar 7-8 cümlədən ibarət olacaq".

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı şüarlarının "Parlamentli IV respublika" olduğunu deyib. Partiyanın seçkidə simvolu isə nəzərdə tutulmayıb.

MDHP sədri Fərəc Quliyev isə partiyanın seçki şüarlarını və simvollarını təbliğat-təşviqat kampaniyası dövründə açıqlanacağını bildirib.

ASDP həmsdəri Araz Əlizadə seçkiyə "Cəmiyyətdə ən hörmətli insan müəllim və vətən dayağı olan hərbçidir" şüarı ilə gedir. Sivmolları isə bayraqlarında əks olunan aypara, ulduz və ortada əldə tutulmuş qızılgül olacaq.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə bu gün partiyanın keçiriləcək iclasında seçki şüarlarının və simvollarının dəqiqləşəcəyini deyib: "Düşünürəm ki, şüarlarımız əvvəlki seçkilərdəki şüarlar olacaq. Amma biz iclasda təbii ki hər partiya üzvünün fikrini öyrənib qərar verəcəyik. Demokratiyanın rəmzi olan bir simvolumuz olacaq. Bu cəlbedici, orijinal bir simvol olmalıdır".

Müstəqil namizəd Zahid Orucun isə seçkiyə nar simvolu ilə gedəcəyi artıq ictimaiyyətə bəllidir.