Milli Məclisdə dəyirmi masa keçirildi

12 Sentyabr 2013 10:23 (UTC+04:00)
Cümə axşamı Milli Məclisdə əlilliyi olan gənclərin "Şərq nağılı" I Beynəlxalq Yaradıcılıq Festivalının iştirakçıları ilə birgə dəyirmi masa keçirilib.

Trend-in məlumatına görə, dəyirmi masanın açılışında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, belə bir festival Azərbaycanda ilk dəfədir keçirilir.

H.Rəcəbli qeyd edib ki, festivalda 10 ölkədən 200-dən artıq şəxs iştirak edib.

Azərbaycanda fiziki qüsurlu olan şəxslərə göstərilən qayğıdan danışan H.Rəcəbli bildirib ki, bu istiqamətdə ölkədə ciddi addımlar atılıb. Komitə sədri bu sahədə qanunvericilik bazasının kifayət qədər təkmilləşdirildiyini qeyd edib və parlamentin son sessiyasında qəbul olunan "Sosial xidmət haqqında" qanunu xüsusilə vurğulayıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışı zamanı bildirib ki, Bakıda təşkil olunan festival çoxşaxəli tədbirdir.

Azərbaycanda Paralimpiya Komitəsinin fəaliyyət göstərdiyini deyən İ.Babayev qeyd edib ki, əlil idmançılarımız beynəlxalq yarışlarda, olimpiadalarda uğurla çıxış edərək müxtəlif medallar qazanıblar. Nazir müavini vurğulayıb ki, əsas məsələ əlil olan gənclərin ölkənin ictimai həyatında, dövlətin inkişafında tamhüquqlu üzv kimi iştirak etmələridir.

Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili Elmira Süleymanova tədbirdə çıxışında bildirib ki, Azərbaycan əlillərin hüquqları ilə bağlı 2008-ci ildə beynəlxalq konvensiyaya qoşulub.

E.Süleymanova deyib ki, dünya əhalisinin 15 faizi fiziki qüsurlu olan insanlardır, onlara qarşı hər hansı ayrı-seçkilik yolverilməzdir. Ombudsman bildirib ki, Azərbnaycanda da bu sahədə düzgün siyasət qurulub, milli fəaliyyət planı imzalanıb, aidiyyatı icra strukturları vətəndaş cəmiyyəti nümayəndələrinin birgə iştirakı ilə bu məsələlərin həlli istiqmətində ardıcıl iş aparılır.

Dünya Əlillər Birliyinin icraçı direktoru Necdət Öztürk dəyirmi masada çıxış edərək BMT tərəfindən əlillərin hüquqlarının qorunması barədə həyata keçirilən layihə barədə məlumat verib. O qeyd edib ki, sivil ölkələrdə əlillərin problemlərinin həlli daha çox ictimai təşkilatlar tərəfindən qaldırılır və həll olunması istiqamətində işlər aparılır.

AzNews.az