Çin ucuz raketlərlə qlobal müdafiə balansını dəyişir - ŞƏRH

8 Dekabr 2025 21:25 (UTC+04:00)

Çinin Lingkong Tianxing şirkətinin YKJ 1000 adlı hipersonik raketini təqdim etməsi qlobal müdafiə sistemlərində yeni mərhələnin başlaya biləcəyini göstərir. Sürəti 7 Mach olan və 1300 kilometr məsafəni qət edə bilən bu raketin ən diqqətçəkən tərəfi isə qiymətidir. Təxminən 99 min dollara başa gələn yeni sistem hazırda mövcud olan hipersonik və hava hücumundan müdafiə raketləri ilə müqayisədə qeyri adi dərəcədə ucuzdur. Şirkət bu maliyyətə yenilənmiş konstruksiya, tökmə texnikası, mülki səviyyəli komponentlər və köpük beton korpus hesabına nail olduğunu bildirir. Bu açıqlama Qərbdə şübhə ilə qarşılanır, lakin Çinin son illərdə müdafiə sənayesində sürətli texnoloji irəliləyişi nəzərə alındıqda bu iddianın tamamilə mümkünsüz olmadığı da vurğulanır.

Belə bir məhsulun ortaya çıxması qlobal təhlükəsizlik arxitekturası üçün həm hərbi, həm də iqtisadi mənzərəni ciddi şəkildə dəyişə bilər. Bir tərəfdən, hipersonik silahlar uzun illər yalnız böyük güclərin əlində olan strateji aktivlər kimi tanınırdı. Onların həm istehsal, həm də texnoloji tətbiqi yüksək maliyyət və kompleks mühəndislik tələb edirdi. SM 6, Patriot PAC 3 və ya THAAD kimi sistemlərin bir raketinin milyonlarla dollara satılması bu seqmentdə iqtisadi baryerlərin nə qədər böyük olduğunu göstərən real nümunələrdir. Digər tərəfdən, Çinin açıqladığı kimi, dəyəri yüz min dollara yaxın olan hipersonik raket konsepsiyası müdafiə sistemləri üçün tamamilə fərqli iqtisadi balans yaradır. Çünki nisbətən ucuz və çoxsaylı salvo hücumları, onları ələ keçirmək üçün istifadə edilən bahalı raketlərin yükünü artıraraq mövcud müdafiə arxitekturasını davamlılıq baxımından çətin vəziyyətə sala bilər.

Burada diqqət çəkən əsas məqam Çinin istehsal strategiyasının sənaye yanaşmasıdır. Köpük beton əsaslı korpus, tökmə elementləri, mülki kamera modulları və kommersiya yönümlü naviqasiya çipləri kimi komponentlər geniş istehsal imkanları olan böyük sənaye bazasına malik ölkələr üçün sərfəli model təklif edir. Bu metod ənənəvi hərbi standartlara tam uyğun strukturlar qədər dayanıqlı olmasa belə, yüksək sürətli uçuş profillərində zəruri olan aerodinamik və termal davamlılığın minimal səviyyəsini təmin edirsə, məqsədə uyğun ucuz alternativə çevrilə bilər. Şirkətin sınaqları tamamladığını və kütləvi istehsala başladığını bildirməsi isə bu yönümlü dizaynın artıq laboratoriya mərhələsindən çıxaraq real tətbiqə doğru keçdiyini göstərir. Çinin dövlət səviyyəsində bu layihəyə diqqət göstərməsi də onun texnoloji və geosiyasi çəkisinin artması fonunda məntiqli görünür.

Qlobal miqyasda yaranan daha geniş sual ucuz hipersonik texnologiyanın yayılmasının hansı nəticələrə gətirə biləcəyidir. Müasir dövrün ən ciddi müzakirə mövzularından biri ucuz zərbə vasitələri ilə bahalı müdafiə texnologiyaları arasındakı disbalansdır. Yəməndəki husilərin kommersiya dronları və kvaziballistik sistemlərlə böyük gəmilərə təzyiq göstərməsi bunun praktik nümunəsidir. Əgər YKJ 1000 kimi sistemlər həqiqətən bu qiymət səviyyəsində istehsal olunarsa, bu texnologiya yalnız böyük güclərin deyil, regional aktorların da arsenalına daxil ola bilər. Belə halda, məhdud büdcəli ölkələrin belə dəniz və hava platformalarına qarşı daha mürəkkəb deterrens paketləri formalaşdırması real ehtimal sayılır. Bu isə həm hərbi balans, həm də beynəlxalq ticarət yollarının təhlükəsizliyi üçün yeni dəyərləndirmələr tələb edir.

Əlavə olaraq, bu tip raketlərin daha qabaqcıl sistemlərlə kombinasiyada istifadəsi müdafiə sistemlərinin üzərinə düşən təzyiqi xeyli artırır. Çinin artıq yerləşdirdiyi DF 17 kimi hipersonik planlayıcı blokların yanında ucuz raket salvo hücumları çoxqatlı müdafiə sistemlərini daha mürəkkəb seçimlərlə üzbəüz qoya bilər. Belə model həm maliyyət dinamikasını, həm də strateji planlaşdırmanı yenidən formalaşdırır. Bütün bu proseslər qlobal güc balansında yeni dönəmin konturlarını daha aydın göstərir. Müdafiə sənayesində istehsal xərclərinin strukturuna yönəlmiş innovasiyalar gələcəkdə silahlanma bərabərliyinin texnologiyadan çox iqtisadi imkanlara əsaslanan yeni mərhələyə keçə biləcəyini nümayiş etdirir.

Aznews.az