Baş Prokurorluğun İdarə rəisi Elnur Musayev Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycanın antikorrupsiya islahatları barədə danışıb.
Aznews.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Qeyd olunub ki, E.Musayev ABŞ-nin Nyu-York şəhərində hibrid formatda BMT Baş Assambleyasının Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasında "Növbəti Nəsil Korrupsiya Analitikası üçün dəqiq Statistikanın forrmalaşdırılması" mövzusunda çıxış edib.
"Azərbaycanın təcrübəsi: risk göstəricilərinin qiymətləndirilməsi nəticəsində antikorrupsiya fəaliyyət planlarının daha keyfiyyətli hazırlanması" mövzusunda çıxış edən Baş Prokurorluğun idarə rəisi ölkə rəhbərliyinin idarəetməsi altında həyata keçirilən antikorrupsiya islahatları barədə məlumat verib.
O, qabaqcıl təcrübə barədə, o cümlədən "Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın qiymətləndirilməsi metodologiyası, bu sahədə risklərin qiymətlərindirilməsində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə üzrə idarənin rolu ilə tədbir iştirakçılarını tanış edib.
Həmçinin həyata keçirilən antikorrupsiya tədbirlərinin Azərbaycanda şəffaflıq və müasir idarəçilik perspektivindən nüfuzunun artdığını vurğulayıb.
Aznews.az