Makron: Avropa sənayesi “ölüm-dirim” mərhələsindədir

8 Dekabr 2025 17:31 (UTC+04:00)

Avropanın iqtisadiyyatının və istehsalının gerilədiyi ilə bağlı fikirlər getdikcə geniş yayılarkən, Fransa Prezidenti Emmanuel Makron Avropa sənayesi ilə bağlı ciddi xəbərdarlıq edib.

Makron bildirib ki, hazırda “ölüm-dirim” mərhələsində olan Avropa sənayesinin xilası üçün Çinin dəstəyinə ehtiyac var.

Avropa sənayesi kritik mərhələdədir

Fransa Prezidenti vurğulayıb ki, Avropa qoruyucu siyasət yürüdən ABŞ ilə ultra-rəqabətçi Çin arasında sıxışıb qalıb və sənaye sahəsi həyati təhlükə ilə üz-üzədir.

2018-ci ildən bəri Pekinə dördüncü səfərindən sonra Avropa sənayesinin xilas olunması üçün Çinə çağırış edən Makron deyib:

“25 il əvvəl Avropa Çinə sərmayə qoyduğu kimi, bu gün də Çin Avropaya sərmayə qoymalıdır”.

“Politico” nəşrinin məlumatına görə, 2024-cü ildə Avropanın Çinlə ticarət kəsiri 306 milyard avro təşkil edib.

Makron bildirib:

“Çinlilərə anlatmağa çalışdığım əsas məsələ budur ki, bu ticarət profisiti müdafiəolunmazdır. Onlar bizdən idxal etməməklə öz müştərilərini məhv edirlər.”

O əlavə edib ki, bəzi sahələrdə Çinin güclü olmasını qəbul edir, lakin Avropanın daimi idxala məhkum edilə bilməyəcəyini vurğulayıb.

Makron, EDF və Airbus-un vaxtilə Çinə getdiyi kimi, Çin şirkətlərinin də Avropaya gəlməli, Avropa üçün dəyər və fürsət yaratmalı olduğunu deyib.

Çini Avropaya sərmayə yatırmağa dəvət edən Fransa Prezidenti əlavə edib ki,

“Bu investisiyalar yırtıcı xarakter daşımamalı, yəni hegemonluq yaratmağa və asılılıqlar formalaşdırmağa xidmət etməməlidir.”

Fransa 2026-cı ildə G7 ölkələrinə sədrliyi üzərinə götürəcək və sammit də bu ölkədə keçiriləcək. “Bloomberg”in məlumatına görə, Makron Çin Prezidenti Si Cinpini də sammitə dəvət etməyi və G7-ni əvvəlki qlobal mövqeyinə qaytarmağı düşünür.

Mövsüm,

AzNews.az