Amerikalı milyarder İlon Maska məxsus olan "X" sosial şəbəkəsi Avropa Komissiyasının rəqəmsal xidmətlər haqqında qanununun pozulmasına görə ötən həftə tətbiq etdiyi cəriməni ödəməlidir.
Aznews.az xəbər verir ki, bunu Avropa İttifaqının rəsmi nümayəndəsi Toma Renye Brüsseldə bəyan edib.
Onun sözlərinə görə, Avropa Komissiyası 120 milyon avro dəyərində cərimənin ödənilməsini təmin edəcək.
Texnoloji şirkətlər və ABŞ hökumətinin nümayəndələri bildiriblər ki, Avropa İttifaqının bu sahəyə aid qaydaları senzura və azad sözün qadağan olunmasından başqa bir şey deyil. Cərimə qərarından sonra belə ittihamlar artıb.
"120 milyon avro cərimə tam ödənməlidir. Biz bu pulu almaq üçün iş görəcəyik", - deyən Avropa İttifaqının rəsmi nümayəndəsi pulu hansı yolla əldə edəcəklərini açıqlamayıb. Çünki bu və digər qərarlar barədə məhkəməyə şikayət edilə bilər.
"X" isə İlon Maskın hikkəli cavabları ilə kifayətlənməyib və Avropa İttifaqının reklam profilini bloklayıb. Buna baxmayaraq, Avropa İttifaqı hələ də sosial şəbəkədən istifadə edir.
Avropa İttifaqının cərimə qərarının ABŞ ilə ticari danışıqların aparıldığı vaxt çıxarılması uğursuz addım sayılır. Çünki danışıqlar prosesində bəzi məsələlər razılaşdırılmayıb. Yaranmış gərginliyi azaltmaq üçün Avropa Komissiyasının ekspertlər qrupu Vaşinqtona səfər edib. Əsas müzakirə mövzusu isə polad ixracında yaranan əngəllər və problemin aradan qaldırılmasıdır.
Aznews.az