“Ilon Maskın biznesmen və sahibkar kimi əldə etdiyi uğurlar fonunda həm CEO, həm də texnoloq kimi kifayət qədər bacarıqlı olduğu heç kimə sirr deyil. Amma siyasətçi kimi Maskın nə qədər uğurlu olduğu isə müzakirə mövzusu kimi qəbul edilməlidir. Ən azından Donald Tramp hakimiyyətə gəldiyi ilk günlərdə Maskı yüksək dövlət vəzifəsinə təyin etmiş, lakin qısa müddət sonra onu həmin vəzifədən geri almışdı. Bu, onu göstərir ki, Mask siyasətdə, texnologiya və biznesdə olduğu qədər uğurlu ola bilmədi. Buna görə də Maskın Avropa İttifaqının ləğvi ilə bağlı fikirləri müəyyən qədər utopik səslənir. Reallıq ondan ibarətdir ki, dövlətlərin, beynəlxalq təşkilatların və şirkətlərin fəaliyyət dövrü olur. Bu dövr bitdikdə onlar ya yenilənir, ya da əvəzlənirlər. Avropa İttifaqı da bu prosesdən keçəcək. İttifaqın daxilində fikir ayrılıqları və Avropanın regional təhlükəsizlik məsələlərini effektiv həll etməkdə çətinlik çəkməsi onun funksionallığının zəiflədiyini göstərir. Lakin Maskın iddia etdiyi kimi, Avropa İttifaqının bir anda dağılması və ölkələrin birdən-birə ayrılması mümkün deyil; bu, yalnız mərhələli və sistematik bir proses nəticəsində baş verə bilər. Bu məsələnin zarafat ediləcək tərəfi yoxdur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsində paylaşım edərək Avropa İttifaqının ləğv edilməsinin zəruri olduğunu bildirib. O vurğulayıb ki, Aİ aradan qaldırılmalı və suverenlik fərdi ölkələrə qaytarılmalıdır ki, hökumətlər öz vətəndaşlarını daha yaxşı təmsil edə bilsinlər.
Siyasi şərhçi qeyd edib ki, Avropa İttifaqının üzv ölkələri uzun illərdir siyasi, hərbi və iqtisadi təhlükəsizliklərini məhz İttifaq çərçivəsində formalaşdırıblar.
"Qısa müddətdə İttifaqın dağılması qeyri-real görünür, lakin yeni dünya nizamı formalaşdıqca Avropa İttifaqı da tədricən öz son dövrlərini yaşaya bilər. Yeni çoxqütüblü dünya düzənində Çin və ABŞ əsas güc mərkəzləri olacaq, Rusiya isə ehtimal ki, yenə də mühüm aktor kimi çıxış edəcək. Türkiyənin mövqeyi zamanla dəqiqləşəcək. Avropada isə Fransa, Almaniya və İngiltərə kimi böyük dövlətlər yeni güc mərkəzi olmaq uğrunda rəqabət aparacaqlar. İngiltərə Avropa İttifaqının üzvü olmasa da, Fransa və Almaniya hazırda İttifaq daxilində dominantlıq uğrunda yarışır. Bu rəqabət güc mərkəzi uğrunda mübarizəyə çevrildikcə Avropa İttifaqının funksionallığı daha da zəifləyəcək. İkinci dərəcəli dövlətlər, yəni güc mərkəzi iddiası olmayan ölkələr mərhələli şəkildə tərəf seçməyə başlayacaqlar: kimisi Almaniyanın, kimisi Fransanın, kimisi İngiltərənin yanında yer alacaq, bəziləri isə Rusiya və digər aktorlarla daha sıx əməkdaşlıq yolunu tutacaq. Bu proses əvvəlcə de-fakto, sonrakı mərhələdə isə de-yure şəkildə İttifaqın dağılmasına gətirib çıxara bilər. Fransa, Almaniya və İngiltərə Avropada əsas güc mərkəzi uğrunda rəqabət apardıqca öz köhnə sistemlərini yeniləyəcək və yeni sistemlər quraraq digər dövlətləri də bu prosesə cəlb edəcəklər. Bəlkə də Mask məhz bunu nəzərdə tuturdu, amma onun ifadə tərzi bir qədər utopik görünür. Alternativ olaraq, Avropa İttifaqına bənzər yeni təşkilatlar meydana gələ bilər: Almaniya, Fransa və İngiltərə öz təsir dairələrində yeni beynəlxalq qurumlar yaradacaq və tərəfdaş ölkələri ora cəlb edəcəklər. Beləliklə, ümumi Avropa birliyi qorunmasa belə, hər bir güc mərkəzi öz ətrafında həm birlik, həm də təhlükəsizlik təmin etməyə çalışacaq. Əks halda, bu proses uğursuz olarsa, Avropa siyasətindəki həmin əsas güclər mövqelərini itirmək riski ilə üzləşəcəklər".
Rəfiqə Namazəliyeva,
AzNews.az