“Ermənistan hökumətinin Azərbaycanın irəli sürdüyü sülh təklifini qəbul etməkdən başqa yolu yoxdur. Lakin bəzi revanşist qüvvələr bu reallığı qəbul etməyərək separatçı çağırışlarını davam etdirir və 2026-cı il seçkilərində yenidən siyasi arenaya çıxmağa çalışırlar. Qarabağ üzərindən siyasi oyun qurmaq cəhdləri isə diqqətdən qaçmır. Baş nazir Nikol Paşinyanı “təslimçi sülh”də ittiham edən səhra komandirləri – Robert Köçəryan və Serj Sarkisyan, eləcə də qondarma demokrat Levon Ter-Petrosyan növbəti dəfə ifşa olunub. N.Paşinyan əvvəlcədən də bəyan etdiyi kimi, “Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin sənədləri”ni ictimailəşdirib”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Xatırladaq ki, Ermənistan hökumətinin Azərbaycanın sülh təşəbbüsünü qəbul etməkdən başqa seçimi yoxdur. Lakin bəzi revanşist qüvvələr bu reallığı qəbul etməyərək separatçı çağırışlarını davam etdirir və Qarabağ mövzusu üzərindən növbəti siyasi oyunlara cəhd edirlər. Rəsmi Bakı üçün isə yayımlanan sənədlər narahatlıq doğurmur, Azərbaycan Prezidenti isə danışıqların gedişi barədə ictimaiyyəti daim məlumatlandırıb.
Deputat bildirib ki, rəsmi Bakı üçün bu sənədlər narahatlıq doğurmur. Azərbaycan Prezidenti isə illər ərzində danışıqların gedişi barədə ictimaiyyəti daim məlumatlandırıb.
"Sənədlər 1992–2020-ci illərdə həmsədrlərin iştirakı ilə aparılmış danışıqları əhatə edir. Burada beynəlxalq vasitəçilərin qərəzli mövqeyi və ikili standartları açıq şəkildə görünür. Bu, göstərir ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri beynəlxalq birliyin ədalətsiz yanaşması səbəbindən kağız üzərində qalıb. Ermənistan dialoq masasında özünü arxayın hiss edərək işğalçı mövqeyindən əl çəkməyib, vasitəçilər isə tərs yanaşaraq müxtəlif yarımçıq həll paketləri irəli sürüblər. Bir daha təsdiqləndi ki, Ulu Öndər Heydər Əliyevin səyləri sayəsində Qarabağda yaradılmış separatçı rejim danışıqlardan kənarda qalıb və Ermənistan–Azərbaycan münaqişəsi tərəfləri kimi qəbul edilib. Prezident İlham Əliyev iştirak etdiyi bütün görüşlərdə Azərbaycanın Qarabağdan imtina etməyəcəyini prinsipial şəkildə göstərib. Həmsədrlərin Ermənistan maraqlarına uyğun “kompromis” variantları isə qəbul edilməyib. Azərbaycan danışıqlarda iştirak etsə də, milli maraqlardan geri çəkilməyib, həm də beynəlxalq təzyiqlərin qarşısını alıb və əlini gücləndirən qətnamələrin qəbuluna nail olub. Təsadüfi deyil ki, Aprel döyüşlərindən sonra Serj Sarkisyan Rusiya Prezidentinə yazdığı məktubda Azərbaycanın hərbi gücü qarşısında aciz olduqlarını etiraf edib və açıq şəkildə qeyd edib ki, Azərbaycan heç bir qarşılıqlı güzəştə getmək istəmir. Bu sənədlər bir daha göstərir ki, Ermənistan sülh danışıqlarında ərazi bütövlüyü məsələsində konstruktiv mövqe tutmayıb. Nəticədə 28 il davam edən nəticəsiz danışıqlara son qoyuldu və Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü və suverenliyini təmin etdi".
Rəfiqə Namazəliyeva,
AzNews.az