Taleh Bağırovun vəkili məhkəməyə verildi

12 Sentyabr 2013 11:45 (UTC+04:00)
İlahiyyatçı Taleh Bağırovun keçmiş müstəntiqi Vüsal Salehov onun vəkili Cavad Cavadlını və "Azadlıq" qəzetini məhkəməyə verib.


Məhkəmə iddiası Cavad Cavadlının "Facebook" səhifəsində yazdığı statusdan qaynaqlanır. Statusda vəkil Vüsal Salehovun vəzifəsindən istefa verdiyini bildirib, bu hadisəni belə izah edib: "Taleh Bağırov müstəntiqləri ilə ünsiyyətdə imkan olduğu qədər onları səhv yoldan çəkindirən söhbətlər edir. Bu yöndə söhbətlərdən biri də müstəntiq Vüsal Salehovla aparılıb. Taleh Bağırov ona peyğəmbərin, imamların həyatından, islam ehkamlarından danışıb, hədislər söyləyib. Söhbət nəticəsiz qalmayıb. Vüsal Salehov ərizəsini yazıb, orqanlardan könüllü çıxıb. Keçmiş müstəntiq özünə yeni iş tapıb, ailəsini halal yolla dolandırır. Onun yerinə çox şad oldum. Allah bütün məmurlara bunu qismət eləsin. Bu sistemdə dövlət məmuru olmaq özünü həlak etmək deməkdir"

Sentyabrın 12-də Cavad Cavadlı "Media forum"a deyib ki, iddia ərizəsi ilə tanış olub: "Vüsal Salehov Yasamal Rayon Məhkəməsinə müraciət edib. 100 000 manat maddi təzminat da tələb edir. Göstərib ki, ona ən çox təsir edən "özünə halal iş tapıb", "bütün məmurlara halal iş arzu edirəm" ifadələridir. Qeyd edib ki, bu fikirlərdən belə çıxır ki, məmurlar haramla işləyir".

Keçmiş müstəntiq "Azadlıq" qəzetini vəkilin statusunda yaydığını çap etdiyinə görə məhkəməyə verib.

AzNews.az