“Məsələ ondadır ki, Ukrayna haqlı olaraq öz torpaqlarından imtina etmək istəmir və etməməlidir. Ümumiyyətlə, əgər Ukrayna işğalçı Rusiyanın xeyrinə torpaqlarından imtina etsə, bu, çox pis bir presedent yaradacaq. Bundan sonra dünyada güclü olan zəiflərin torpaqlarını işğal etməyə cəhd edəcək və bu zəncir uzanacaq. Əlbəttə ki, bu vəziyyətin baş verməsinə imkan vermək olmaz. Ona görə də Ukrayna tərəfi, başda Prezident Volodymyr Zelenskiy olmaqla, ciddi dirəniş göstərir. Donald Trampın dediyi kimi, Zelenski ABŞ-nin sülh planını “oxumayıb” ifadəsi tam da ağlabatan deyil; əslində o, sadəcə bu təklifi diqqətə almamağa üstünlük verib. Tramp da sözləri belə işlədib ki, oxumayıb”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iddia edib ki, Prezident Volodimir Zelenski hələ də ABŞ-nin Ukrayna ilə bağlı sülh planını oxumayıb. Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna liderləri ilə danışıb və Zelenskinin planı qəbul etmədiyini bildirib. Öz növbəsində Zelenski açıqlayıb ki, danışıqlar ərazi məsələlərinə görə dalana dirənib. ABŞ, Rusiya və Ukrayna arasında Donbasla bağlı vahid yanaşma yoxdur. Zelenski qeyd edib ki, planın bəzi elementləri əlavə müzakirə tələb edir, xüsusən müharibədən əziyyət çəkmiş ölkə üçün təhlükəsizlik təminatları və şərq bölgələrinə nəzarət məsələlərində. O, Kiyevin ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə ayrıca saziş bağlamaqda israrlı olduğunu vurğulayıb.
Siyasi şərhçi bildirib ki, Rusiya Ukraynanın bütün ərazilərini işğal etmək istəsə də, bunun qarşısı artıq alınmışdır və bundan sonra istəsə də, yüz il müharibə aparsa, Ukraynanın bütün ərazisini işğal edə bilməyəcək.
“Yəni Ukrayna ciddi şəkildə dirəniş göstərsə, öz istəklərinə nail olacaq. Üstəlik, Avropa Birliyi, bütövlükdə Avropa və dünyanın mütərəqqi kəsimi Ukraynanın tərəfindədir. Bizim dövlətimiz də hesab edir ki, Ukraynanın ərazi bütövlüyü təmin edilməlidir. Bütün bunları nəzərə alaraq, ABŞ-nin sülh planına Rusiyanın münasibəti ağla sığmayan və məqbul sayıla bilməyən addımdır. Rusiya işğal etdiyi torpaqlar bir yana, işğal etmədiyi torpaqları da tələb edir. Sual olunur: hansı dövlət, o cümlədən Ukrayna, belə alçaldıcı tələblərlə razılaşar? Əlbəttə ki, heç biri imzalamaz və imzalaması da məqbul sayıla bilməz. Bu baxımdan Rusiya sadəcə oyun oynayır, Donald Tramp isə Rusiyanın əlini oynamağa cəhd göstərir. Lakin Ukraynanın arxasında Avropa ölkələri dayanır və onları dəstəkləyir. Dünürəm ki, bir müddət sonra Donald Tramp da Avropa Birliyinin mövqeyi ilə birgə hərəkət etmək məcburiyyətində qalacaq. Rusiya artıq batmaqda olan bir gəmi kimidir, ona görə heç kim Rusiyaya arxalanmamalıdır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az