BP Cəbrayıla 13 milyon dollarlıq günəş panelləri gətirib

10 Dekabr 2025 13:15 (UTC+04:00)

“Cəbrayıl şəhərinə solar panellərin 20 faizi gətirilib”.

Aznews.az xəbər verir ki, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli III Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib.

O bildirib ki, bu panellərin dəyəri 13 milyon dollardır: “Qarabağ yatağı ilə bağlı müqavilələrimiz var. Cəbrayılda Günəş-Şəfəq Elektrik Stansiyasının inşaatı ilə bağlı layihələr yeni dövrün çağırışları ilə həyata keçirilir. Cəbrayılda Günəş elektrik stansiyası Azərbaycanda bu vaxtadək fəaliyyət göstərmədiyimiz yeni bir sahə ilə bağlıdır. Artıq Cəbrayıla 13 milyon dollarlıq panellər gətirilib. Qısa müddət ərzində həmin stansiyanın Cəbrayılda tikintisinə başlanılacaq”, - o vurğulayıb.

Qeyd edək ki, III Sənaye Təhlükəsizliyi Zirvəsi Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə keçirilir.