Medianın İnkişafı Agentliyinin icraçı direktor müavini, yazıçı, publisist Natiq Məmmədlinin “Sev” romanının təqdimatı və imza günü keçirilib.
AzNews.az APA-ya istinadən xəbər verir ki, təqdimat mərasimində tanınmış ictimai-siyasi, media nümayəndələri iştirak ediblər.
Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxışı zamanı bildirib ki, Natiq Məmmədli “Sev” romanında iki gəncin sevgisini əsas xətt kimi götürərək onları dünyanın müxtəlif ölkələrinə səyahətə çıxarır:
“Bu romanda müəllif qəhrəmanların müxtəlif ölkələrdəki səyahətlərini təsvir edir və həmin məkanlar barədə maraqlı məlumatlar təqdim edir. Bununla yanaşı, Azərbaycan folklorunu, xüsusilə Sarı Aşığın yaradıcılığını romanda ustalıqla təsvir edib. Sarı Aşığın sevgisi, Yaxşıya olan məhəbbəti və hamımızın dilinin əzbəri olan gəraylıları insanın sevgi, hiss və duyğularının ifadəsində mühüm yer tutur. Natiq Məmmədliyə bu romana görə təşəkkür edirəm. Arzulayıram ki, yazsın, yaratsın və həm jurnalistikamızda, həm də ədəbiyyatımızda öz samballı fəaliyyətini davam etdirsin”.
"APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı Natiq Məmmədlinin yaradıcılığından bəhs edib: "Natiq Məmmədli mənə hekayələrindən tanışdır. Onun "Professor və samuraylar", "Tiflis yolçuları", "Qəzet köşkünün yerində qalan boşluq", "Molyerin öldüyü gün", "Yiyəsiz baş" hekayələri ilə tanışam. Bu əsərlər Natiq Məmmədlinin ədəbi düşüncəsini, müasir yanaşmasını bariz göstərir".
Vüsalə Mahirqızı bildirib ki, "Sev" romanı da Natiq Məmmədlinin yaradıcılığında növbəti mərhələdir: "Bu roman " Teas Pres" nəşriyyat evi tərəfindən nəfis tərtibatda çap edilib. "TEAS Press"in bu əsəri seçməsinin səbəbi də məhz romanın gənclər üçün, müasir düşüncə üçün cəlbedici olmasıdır. Müəllif "Sev" romanında posmodern ədəbiyyat nümunəsi kimi tarix və müasirliyi paralel inkişaf etdirir. Bu isə müasir oxucu üçün cəlbedicidir".
Vüsalə Mahirqızı qeyd edib ki, Natiq Məmmədli həm də Azərbaycan jurnalistikasının istedadlı nümayəndələrindən biridir: "Natiq Məmmədli həm ədəbi, həm də mətbu yaradıcılığında Azərbaycan dilini qoruyur, onun bütün imkanlarından məharətlə istifadə edə bilir. Buna görə də ona ayrıca təşəkkür edirəm".
Milli Məclisin deputatı, şair Elçin Mirzəbəyli çıxışında bildirib ki, “Sev” romanını böyük həvəslə oxuyacaq: “Romanın adı məni dərhal cəlb etdi. Ümumiyyətlə, bu gün mənəvi olaraq sevgiyə böyük ehtiyacımız var. Natiq Məmmədlinin əvvəlki əsərləri də səmimiyyəti ilə seçilirdi. Əvvəlki hekayə və romanlarına əsasən deyə bilərəm ki, onun yaradıcılığında heç bir süni effekt yoxdur. Sözündə insana, cəmiyyətə, dostluğa yönəlmiş xüsusi bir diqqət var. Məhz onu dəyərli edən də budur”.
Jurnalist Fuad Babayev bu əsərin gəclər üçün önəmli olduğunu və “sevgi” anlayışının insanalara aşılamağın vacib olduğunu bildirib.
Sahil İskəndərli çıxış edərək bildirib ki, əsərin ümumi adının “Sev” olması müəllifin kim olduğunu bir daha göstərir: “Elə insanın həyata gəlməsində sevgi var. Sevgi anlayışı çox geniş məzmundur. Bu hissləri yaşamayan insan belə bir əsər yaza bilməz”.
Sonda Natiq Məmmədli kitabın necə ərsəyə gəlməsindən söz açıb:
“Bu kitabın arxasında böyük bir psixoloji travma dayanır. Bu travmadan çıxmaq üçün özümə bir yol kimi bu imza gününü seçdim. Kitabın adını “Sev” qoymuşam. Bu, sadəcə sevgi romanı deyil, bir marketinq prinsipidir. “Sev” “İncil”in ilk cümləsidir. Allah kitabı göndərəndə insanlara “sev” deyə müraciət edir. Bu, bir müjdədir. Kitabı pandemiya dövründə yazmışam. Pandemiyadan əvvəl həyatımda böyük bir boşluq yaranmışdı və mən bu roman üzərində işləməyə başladım. Mənim düşüncəmdə ədəbiyyat mütləq gənclərə müraciət etməlidir. Ona görə də bu romanı məhz gənclər üçün yazmaq istədim. Elə yazmalıydım ki, 21-ci əsr insanının psixoloji qatları əsərdə görünə bilsin. Vətən müharibəsindən sonra düşünürdüm ki, Azərbaycan ədəbiyyatının əsas mövzusu Qarabağ olmalıdır. Qarabağı sevmək üçün əvvəl insan sevməyi bacarmalıdır. Sevmək lazımdır ki, noyabrın soyuğunda o qayalara dırmaşa biləsən. Bu il iki kitabım çapdan çıxıb. İndi isə düşünürəm ki, hələ nə qədər yazılacaq sözümüz var. İnşallah Qarabağla bağlı romanın təqdimatında görüşərik”.
Natiq Məmmədli sonda tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirib.
AzNews.az