"Əgər Paşinyanın partiyası növbəti seçkilərdə üstünlüyü itirsə və Paşinyan yeni hökumət formalaşdıra bilməsə, bundan sonra Zəngəzur dəhlizinin taleyi ilə bağlı ciddi suallar yaranacaq. Bu ehtimallar müxtəlif ssenarilər əsasında qiymətləndirilə bilər. Birinci ssenari belədir: Paşinyan seçkilərdə qalib gəlməsə də, onun siyasi xəttini davam etdirən bir qüvvə hakimiyyəti formalaşdırsa, proseslər əksər hallarda əvvəlki kimi davam edə bilər. Yəni Paşinyan hakimiyyətdən getsə belə, onun yerinə gələn yeni kabinet onunla eyni dünya görüşünü bölüşərsə, Azərbaycan–Ermənistan münasibətlərinə, Zəngəzur dəhlizinə və ümumilikdə regional nəqliyyat-kommunikasiya layihələrinə münasibətdə ciddi dəyişiklik gözlənilməz. Bu halda yalnız bəzi taktiki fərqlər və əlavə addımlar ola bilər, amma əsas xətt qorunacaq. İkinci ssenari isə belədir: Paşinyandan sonra hakimiyyətə gələcək kabinet onun siyasi xəttindən tamamilə uzaq olsa, məsələn, Rusiyaya meylli qüvvələr və ya anti-Azərbaycan mövqeyi ilə seçilən şovinist dairələr hakimiyyəti ələ alsa, o zaman Zəngəzur dəhlizi ilə bağlı proseslər ləngiyə bilər. Bu ləngimə müəyyən gecikmələr yarada bilər, lakin layihənin tamamilə dayandırılması real görünmür. Çünki layihə artıq bir proses kimi başlayıb və yalnız Azərbaycanın və Türkiyənin maraqları ilə məhdudlaşmır. Ermənistanın özünün iqtisadi inkişafı üçün də bu layihə əhəmiyyətlidir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi və ABŞ-la birgə qurulacaq “TRIPP Company” barədə danışıb. Şirkət dəmir yolları, yollar, neft və qaz kəmərləri və fiber-optik infrastrukturu inkişaf etdirəcək və gələn il tikinti işlərinə başlanacaq. Gələn ilin iyununda Ermənistanda parlament seçkiləri keçiriləcək və Paşinyan komandasının qalib gəlməməsi halında proseslərin gedişi sual altındadır.
Siyasi şərhçi qeyd edib ki, söhbət yalnız bir yol və ya bir dəhlizdən getmir.
"Zəngəzur dəhlizi Orta Dəhlizin bir hissəsi olmaqla regional iqtisadi və geoiqtisadi layihələrin tərkib hissəsidir. Avropa və Asiya ölkələri də bu dəhlizin işlək funksiyaya çevrilməsində maraqlıdır. Bu baxımdan, Ermənistanda kim hakimiyyətə gəlsə də, onlar geosiyasi reallıqları nəzərə almağa məcbur olacaqlar. Nə ordularının gücü, nə də geosiyasi mövqeləri onlara Azərbaycana qarşı revanşist addımlar atmaq imkanı vermir. Bu tip avantürist planlar real nəticə verməyəcək. Yeni hakimiyyət prosesi yalnız müəyyən gecikmələr yarada bilər. Bu ləngimə kritik həddə çatsa və Ermənistan bütün yolları bağlamağa çalışsa, Azərbaycan öz üstün mövqeyini qorumaq üçün sərt addımlar atmaq məcburiyyətində qalacaq. Yəni Azərbaycanın 2020-ci ildə torpaqlarını işğaldan azad etməsi göstərdiyi mövqeyi bu dəfə də Zəngəzur dəhlizinin açılması və kommunikasiya layihələrinin reallaşması məsələsində ortaya çıxacaq. Hazırkı proseslərin gedişi isə tamamilə Ermənistanda keçiriləcək seçkilərin nəticəsindən asılı olacaq. Paşinyanın vəd etdiyi gələcək açıq kommunikasiya xətləri, iqtisadi inteqrasiya və regional əməkdaşlıq Ermənistan cəmiyyəti üçün real üstünlüklər təmin edəcək. Bu üstünlüklər görünməyə başladıqca, Paşinyana qarşı narazılıqların azalması və onun seçkilərdə yenidən üstünlük qazanması ehtimalı artır. Təbii ki, prosesin necə davam edəcəyi Paşinyanın nüfuzunun artıb-azalmasından da asılıdır. Əgər o siyasi nəzarəti itirərsə, nüfuzu daha da zəifləyə bilər. Lakin əgər həm Rusiya, həm də Avropa ilə münasibətləri balanslaşdırmağa çalışmaq siyasəti davam etdirilərsə, Paşinyanın yenidən koalisiya formasında hökumət qurmaq şansı yüksəkdir. Ermənistan hakimiyyətinin hazırkı açıqlamaları da göstərir ki, ölkə iqtisadiyyatının böyük hissəsi Rusiyadan asılıdır. Bu isə hakimiyyəti alternativ iqtisadi tərəfdaşlar axtarmağa vadar edir. Onlar çalışırlar ki, Ermənistan iqtisadiyyatını şaxələndirsin, təkcə Rusiyadan deyil, eyni zamanda Qərbdən, Azərbaycandan və Çindən də asılılığın qarşısını alsın. Bu, gələcəkdə daha dayanıqlı iqtisadi model qurmaq üçün vacibdir. Ermənistan tərəfi də anlayır ki, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, əlaqələrin normallaşdırılması və Zəngəzur dəhlizinin işə düşməsi ölkəyə ciddi üstünlüklər gətirə bilər. Hətta demək olar ki, bu prosesdən ən çox faydalanacaq tərəflərdən biri elə Ermənistanın özü olacaq. Buna baxmayaraq, Ermənistan cəmiyyətində hələ də uzun illər boyu xarici dairələr tərəfindən formalaşdırılmış köhnə və radikal təfəkkür qalmaqdadır. Bu baxımdan hakimiyyət cəmiyyəti mərhələli şəkildə cəmiyyəti gələcək qərarlara alışdırmağa çalışır ki, Zəngəzur dəhlizi və regional əməkdaşlıq layihələrinin reallaşmasına maneçilik törədilməsin".
Rəfiqə Namazəliyeva,
AzNews.az