İlham Əliyev səfirlərin etimadnaməsini qəbul etdi

12 Sentyabr 2013 14:42 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Sudan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed əl-Haqın etimadnaməsini qəbul edib.

Səfir Mohamed Elias Mohamed əl-Haq fəxri qarovul dəstəsinin qarşısından keçib.

Mohamed Elias Mohamed əl-Haq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Sudan Respublikası arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Siyasi münasibətlərimizin yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev əməkdaşlığımızın iqtisadi, enerji, kənd təsərrüfatı, təhsil və digər sahələrdə inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu deyib.

Ölkələrimizin BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq qurumlarda fəal əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı bu əməkdaşlığı daha da genişləndirməyin önəmini qeyd edib.

Prezident İlham Əliyev səfirin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.


Fövqəladə və səlahiyyətli səfir Mohamed Elias Mohamed əl-Haq Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd Əl-Bəşirin salamlarını dövlətimizin başçısına çatdırıb.

O, ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini deyib. Mohamed Elias Mohamed əl-Haq ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.

Dövlətimizin başçısı Prezident Ömər Həsən Əhməd Əl-Bəşirin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Sudan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqin etimadnaməsini də qəbul edib.

Səfir İrfan Siddiq fəxri qarovul dəstəsinin qarşısından keçib.

İrfan Siddiq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

Prezident İlham Əliyev son illər ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə sürətlə inkişaf etdiyini deyib. Londona səfərlərini və Baş nazir Devid Kemeron ilə ötənilki görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev Avropa İttifaqında Böyük Britaniyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olmasının önəmini qeyd edib. Böyük Britaniyanın ölkəmizə sərmayə qoyan əsas investorlarından biri olduğunu vurğulayan dövlətimizin başçısı Britaniya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq sürətlə inkişaf edən ikitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə daha da genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu vurğuladı. İrfan Siddiq ölkəmizdəki diplomatik fəaliyyəti müddətində bu istiqamətdə səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.


AzNews.az