Azərbaycan sevdalı özbək şairəsi - Xasiyyət Rüstəm

4 Dekabr 2025 20:16 (UTC+04:00)


Türklər tarix səhnəsinə çıxdıqları andan bəri bir əlində qılınc oynadaraq at üstündə salnamələrə düşəcək cəngavərliklər göstərmiş, bir əlində isə qələm tutub mürəkkəbi ilə ədəbiyyatlar yaradıb dünya mədəniyyətinə möhür vurmağı bacarmışlar. Bizə bəlli olan ilk türk-uyğur şairi Arpınçor Tigindən bu yana misilsiz örnəkləri könül oxşayan ədəbiyyatımızın zəngin mirası bu gün də davam etməkdədir.
Böyük coğrafiyanın, minillik tarixin, əsrarəngiz ədəbiyyatın sahibi olan türklər boylara, soylara bölünsələr də, yenə də ortaq türk ədəbiyyatından bəhs etməkdəyik. İstər xalq ədəbiyyatının “Dədə Qorqud”u, “Manas”ı, istərsə də yazılı ədəbiyyatın M.Kaşğarisi, Y.Balasaqunlusu, N.Gəncəvisi, Ə.Yəsəvisi, Ə.Nəvaisi, M.C.Rumisi, Y.Əmrəsi, M.Füzulisi, A.Kunanbayevi, M.Fəraqisi, İ.Qaspıralısı, A.Çolpanı, N.Hikməti, Ç.Aytmatovu ilə fərqli türk xalqlarından doğan günəşlər birgə ulu bir irsin davamı olmuşlar. Ulu(q) sözünün əski mənası “böyük, nəhəng” deməkdir, indiki anlamı isə “qədim” çalarındadır. Bizim üçün isə bu mənada həm nəhəng, həm qədim anlamları keçərlədir...
Əsrlər boyunca - Tomrisdən tutmuş günümüzədək türk ulusunda qadının da kişi qədər önəmli mövqelərə sahib olduğuna tarix şahidlik edib. Mübariz türk qadını, həmçinin həssas və titrək bir qəlbə sahibdir. M.P.Vaqifin vəsf etdiyi “Hayası üzündə, əqli başında” türk qadınları, türk gözəlləri qələm əhli olmağın da öhdəsindən gəlmişdir. Azərbaycan ədəbiyyatında rübailəri ilə mənalar hörən Məhsəti Gəncəvinin, ömrü iztirablar içində keçən Heyran Xanımın, qəzəlləri ilə könlə incə cığır tapan Xurşidbanu Natəvanın, ötən əsr ədəbiyyatımızın nəzmdə Mirvarid Dilbazisi, nəsrdə Əzizə Cəfərzadəsi indi ağlıma gələn sadəcə bir neçə isimdir...
Yuxarıdakı adları sadalayarkən bizə hər mənada yaxın olan ədəbi məktəbləri aşağı-yuxarı eyni yolu keçmiş özbək ədəbiyyatından Nadirə, Zülfiyyə, M.Usmanova, H.Xudaverdiyeva, Z.Möminova, F.Əfruz yaradıcılığı da türk qadın şairələrini düşünən zaman eyni zamanda işıq sürəti ilə xatirimdən axır.
Çağdaş özbək ədəbi “asiman”ında bu gün yeni bir ulduz parlayır, işıltısı Özbəkistan sınırlarını çoxdan aşmış, əsərlərinin çevriləri ilə qardaş türk ellərinin ədəbi camiasına bərq vurmuş, hətta beynəlxalq ədəbi arenada belə tərcümə edilərək “özbək şairəsi” deyə bir nəqş olmuşdur. Bu, Xasiyyət Rüstəm imzasıdır.
Xasiyyət Rüstəm 1971-ci ildə Özbəkistanın Namanqan vilayətinin Almaz kəndində anadan olan Xasiyyət İslaməli qızı Rüstəm ali təhsilini Daşkənd Dövlət Universitetinin Jurnalistika fakültəsində, sonra isə həmin universitetin ali Ədəbiyyat kurslarında alıb. 1993-1997-ci illərdə “Dan ulduzu” qəzetində çalışan şairə 2015-ci ildən etibarən Özbəkistanın məşhur “Kitab dünyası” qəzetinin baş redaktorudur.
Gəncliyin ən coşqun illəri, şübhəsiz, tələbəlik dövrüdür. Məhz bu dönəmdə qələmə sarılan gənc ilk ədəbi örnəklərini oxucuların ixtiyarın vermişdir. Zaman keçdikcə həmin şairənin incə ruhlu misraları əldən-ələ gəzmiş, eldən-elə dolaşmış, nəhayətində, Xasiyyət Rüstəm imzasını yaratmışdır. 1997-ci ildə nəşr olunan “Göydəki ev” ilk şeirlər kitabı sanki ona göylərdən bir ismaric gətirib, yolunu bəlirləyib. Onun öz məmləkətində işıq üzü görmüş “Nicat” (2003), “Təsəlli” (2005), “Divar” (2006), “Avqust” (2008), “İşğal” (2011), “40:0” (2011), “Unudulmuş illər” (2014), “Sərgərdan buludlar” (2019), “Gecənin başı qaranlıq” (2021), “Dərbədər kölgələr” (2021), “Qəhvərən dəftər” (2021) adlı kitabları uğurlu yaracılığın məhsullarıdır.
Xasiyyət xanım, həmçinin “44 gün” adlı poemanın və “Yuxuma girər Qarabağ (gündəliklər)” adlı essələr toplusunun müəllifidir. Hər iki əsər Vətənimizin haqq savaşında olduğu dönəmdə ərsəyə gəlmişdir. Hər misrasında həm sükut, həm də hayqırtı duyulan bu əsərlər yazarın da həmin günlər içində bizlər kimi gah ağladığını, gah da sevincdən uçduğunu hiss etməkdəyik.
Xasiyyət xanım vətənini sevən, milli kimliyini duyan şəxsiyyətdir. Bunu onun yaradıcılığından ziyadə, həm də baş redaktoru olduğu “Kitab dünyası” qəzetindən duya bilərik. Sanki qəzet özbək oxucusuna deyil, türk dünyasına, hətta ümumən dünya ədəbi camiasına sunulur.
Son söz olaraq, tez-tez ölkəmizə səfərə gələn özbəyin Azərbaycan sevdalı qızına, Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin yeni şəkil almasında böyük əməyi olan yazara yaradıcılığında uğurlar arzu edir və qəlbindəki qardaş məmləkətə olan sevgisindən doğan məşəlin daim gur olmasını diləyirik!
Qeyd: Yazı Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının doktorantı Məleykə Mirzəli ilə söhbət əsasında hazırlanıb.

Hazırladı Mövsüm Novruzoğlu

Yazı “Ortaq Dəyərlər” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Türk Dünyası QHT Platformasının yaradılması ilə bağlı təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb