Avropa liderləri Zelenski ilə danışıqlar üçün Berlində toplaşacaqlar

15 Dekabr 2025 17:25 (UTC+04:00)

Bu gün axşam Berlində Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir neçə Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri arasında görüş keçiriləcək.

Aznews.az xəbər verir ki, onlara həmçinin Avropa Komissiyası və Avropa Şurasının rəhbərləri, Böyük Britaniyanın baş naziri, eləcə də NATO-nun baş katibi qoşulacaq.

Görüş Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksander Stubb, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Danimarkanın Baş naziri Mette Frederiksen, Polşanın Baş naziri Donald Tusk, İsveçin baş naziri Ulf Kristersson, Niderlandın Baş naziri Dik Skoff və Norveçin Baş naziri Yonas Störenin iştirakı ilə keçiriləcək.

Məlumata görə, Berlində Ukrayna Prezidentinin ABŞ Prezidenti D.Trampın kürəkəni Cared Kuşner və onun xüsusi elçisi Stiv Uitkoff ilə danışıqları Almaniya Kansleri Fridrix Merts və bir sıra digər rəsmi şəxslərin iştirakı ilə davam edir. Merts həmçinin avropalıların axşam görüşünə ev sahibliyi edəcək.

Mertsin mətbuat katibi Stefan Korneliusun sözlərinə görə, bir çox Avropa dövlət və hökumət başçıları, həmçinin Aİ və NATO liderləri ilkin müzakirədən sonra danışıqlara qoşulacaqlar.