“Vaşinqton Tehrana hərbi təhdidlərlə təzyiq göstərir” - Elçin Xalidbəyli

15 Dekabr 2025 20:06 (UTC+04:00)

"Təbii ki, ABŞ-nin İrana qarşı növbəti hərbi müdaxiləsi bütövlükdə Yaxın Şərqdə mövcud olan vəziyyətə mənfi təsir göstərə bilər. Hazırkı mərhələdə müşahidə olunan əsas məqam ondan ibarətdir ki, Ağ ev İrana qarşı təzyiq kampaniyasını davam etdirir və bu siyasətin başlıca hədəfi Tehranın ABŞ-nin irəli sürdüyü şərtləri qəbul etməsinə nail olmaqdır. Prezident Donald Trampın da bəyan etdiyi kimi, Vaşinqton İranın ABŞ ilə razılaşmaya imza atmasını istəyir. Lakin rəsmi Tehran hələlik ABŞ-nin bütün şərtlərini qəbul etməyə hazır deyil və göstərilən təzyiqlərə müqavimət göstərir. Məhz bu səbəbdən Prezident Tramp başda olmaqla ABŞ rəhbərliyində təmsil olunan şəxslər vaxtaşırı İranı hərbi müdaxilə ilə təhdid edirlər. Bu təhdidlərin əsas məqsədi Tehranın geri çəkilməsinə və razılaşma şərtlərini qəbul etməsinə nail olmaqdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranı yenidən hədələyib. O qeyd edib ki, Tehran Vaşinqtonla razılığa gəlməsə və raket proqramını davam etdirərsə, ABŞ İrana qarşı hərbi əməliyyatlar aparmağa tam hazırdır. Bu bəyanat regionda gərginliyin artacağı və iki ölkə arasında növbəti qarşıdurmanın yaranma ehtimalını artırıb.

Siyasi şərhçi bildirib ki, indiki mərhələdə İranın geri addım atmaq niyyətində olmadığı açıq şəkildə görünür.

"Bu baxımdan ehtimal etmək olar ki, ABŞ-nin səsləndirdiyi təhdidlər müəyyən mərhələdə real hərbi qarşıdurmaya çevrilə bilər. Yəni Vaşinqton hansısa mərhələdə həqiqətən də İrana qarşı hərbi zərbələr endirmək qərarı verə bilər və mövcud situasiyada bu ehtimal kifayət qədər yüksək görünür. Belə bir ssenari baş verərsə, ABŞ-nin regiondakı əsas müttəfiqi olan İsrailin bundan məmnun qalacağı istisna edilmir. Hətta İsrailin ABŞ ilə paralel şəkildə İrana qarşı hərbi əməliyyatlarda iştirak etməsi də ciddi şübhə doğurmur. Səudiyyə Ərəbistanının İranla münasibətləri gərgin olsa da, regionda növbəti genişmiqyaslı münaqişənin başlamasından bu ölkənin məmnun qalacağını düşünmək sadəlövhlük olardı. Böyük ehtimalla, Səudiyyə Ərəbistanı yaxın perspektivdə, xüsusilə də İrana qarşı hərbi zərbələrin endirilməsini məqbul hesab etməz. Eyni mövqeni Körfəz ölkələrinə də aid etmək olar. Çünki bu ölkələr də bölgədə yeni bir münaqişənin yaranmasında maraqlı deyillər. Bu səbəbdən ehtimal olunur ki, həm Səudiyyə Ərəbistanı, həm də digər Körfəz ölkələri ABŞ-ni İrana qarşı hərbi zərbələrdən çəkindirməyə çalışacaqlar. Bu yanaşma tamamilə məntiqlidir, çünki regionda baş verə biləcək istənilən hərbi münaqişə yalnız bir ölkəyə deyil, bütövlükdə region dövlətlərinə və hətta regiondan kənar ölkələrə ciddi zərər vurur".

Rəfiqə Namazəliyeva,

AzNews.az