Tacikistan Rusiyaya nota verib

17 Dekabr 2025 14:44 (UTC+04:00)

Rusiya səfiri Moskva vilayətindəki məktəbdə "etnik nifrət motivli" qətl hadisəsi ilə əlaqədar Tacikistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Aznews.az xəbər verir ki, bu barədə məlumat Tacikistan XİN-in saytında yerləşdirilib.

Tacikistan XİN Moskva vilayətinin Odintsovo şəhərinin Qorki-2 qəsəbəsindəki Uspenskaya orta məktəbinin dördüncü sinif şagirdi Qobiljon Əliyevə qarşı etnik nifrət motivli hücumu qətiyyətlə pislədiyini açıqlayıb.

Rusiyanın Tacikistandakı səfirinə "bu faciəli hadisə ilə bağlı dərhal, obyektiv və qərəzsiz araşdırma aparılmasını və bütün iştirakçıların qanunun bütün tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunmasını" tələb edən nota təqdim edilib.

Qeyd edək ki, dekabrın 16-da Moskva vilayətinin Odintsovo şəhərində yerləşən orta məktəbdə qətl hadisəsi baş verib. Məktəbin 9-cu sinif şagirdi Timofey K. 4-cü sinif şagirdi 10 yaşlı Qobiljon Əliyevi bıçaqlayaraq qətlə yetirib. Timofey qətlin videosunu teleqram kanalında paylaşıb. Həmin videodan qətlin etnik zəmində törədildiyi məlum olub.