Azərbaycan-Gürcüstan sərhədində gömrük prosedurlarının sadələşdirilməsi müzakirə olunub

17 Dekabr 2025 15:08 (UTC+04:00)

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri İrakli Beraya Azərbaycan səfiri Faiq Quliyevlə işçi görüş keçirib.

Aznews.az xəbər verir ki, bu barədə Gəlirlər Xidmətinin məlumatında bildirilib.

Görüşdə Gürcüstanla Azərbaycan arasında yük dövriyyəsinin artması kontekstində regional əhəmiyyətli layihələr və ikitərəfli tərəfdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər sərhəd keçidi ilə bağlı gömrük prosedurlarının sadələşdirilməsinə və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi diqqət yetiriblər, gələcəkdə əlaqələndirilmiş işi fəal şəkildə davam etdirməyə tam hazırlıq ifadə ediblər.

Söhbət zamanı “İpək Yolu” birgə sərhəd-keçid məntəqəsinin tikintisinin vacibliyinə də toxunulub. Qeyd edilib ki, bu layihə regionun tranzit potensialının inkişafına töhfə verəcək. Gəlirlər Xidmətinin rəhbəri Azərbaycan səfirinə fəal əməkdaşlığa və dəstəyə görə təşəkkür edib.