İran ABŞ-la nüvə məsələsi üzrə danışıqlara hazır olduğunu açıqladı

17 Dekabr 2025 18:50 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi nüvə probleminin həlli üçün ABŞ-la qarşılıqlı hörmətə əsaslanan danışıqlara hazır olduqlarını bildirib.

Əraqçi “Al Jazeera”ya verdiyi müsahibədə, İsrail və ABŞ-nin iyun ayında İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra ABŞ Prezidenti Donald Trampa “sülh yolu ilə həll üçün güclü diplomatiya” çağırışı etdiyini deyib.

ABŞ-la qarşılıqlı hörmətə əsaslanan danışıqlara açıq olduqlarını vurğulayan Əraqçi bildirib:

“Əgər hər iki tərəf bir-birinin hüquqlarına hörmət edər və qarşılıqlı maraqlara əsaslanan razılaşmaya hazır olarsa, sülh yolu ilə həll tamamilə mümkündür.”

“İranın nüvə obyektlərinə edilən hücumların ciddi ziyan vurduğunu qəbul edən nazir, buna baxmayaraq ölkənin nüvə proqramının “bilik və texnologiyasının məhv edilə bilmədiyini” qeyd edib:

“Nüvə texnologiyası idxal olunmuş bir şey deyil. Bu, iranlı alimlərin məhsuludur və yenidən yaradıla bilər.”

Müharibənin nəticəni dəyişməyəcəyini deyən Əraqçi əlavə edib:

“Bunu müharibə yolu ilə belə sınasalar, nəticə dəyişməz. Əgər aramızda müharibə başlasa və ABŞ nüvə obyektlərimizə hücum etsə, Amerikanın hərbi bazaları və obyektlərinin vurulması gözlənilməlidir”.

İranın xarici işlər naziri sonda bildirib:

“ABŞ Prezidentinə məsləhətim və təklifim diplomatiyaya və danışıqlar yolu ilə əldə edilən həllə qayıtmasıdır”.

Mövsüm,

AzNews.az