“Cari ildə indiyədək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 512 müraciət daxil olub. Bu, Azərbaycan kimi nisbətən kiçik ölkə üçün ciddi göstəricidir. Lakin qeyd etmək lazımdır ki, bu rəqəm yalnız qeydə alınan halları əks etdirir, həll olunmayan və qeydə alınmayan hallar bundan dəfələrlə çoxdur. Bu baxımdan bəzi məsələlərin bələdiyyələrin strukturu və fəaliyyət imkanları ilə bağlı olması başa düşüləndir. Məsələn, Türkiyədə bələdiyyələrin strukturu yerli icra orqanları ilə müəyyən şəkildə bağlıdır. Orada icra məmurları və bələdiyyələr qarşılıqlı əməkdaşlıq edir və sosial sahələr üçün ayrılmış yerlər, məsələn, sosial işçi və sosial psixoloq vəzifələri mövcuddur. Sosial işçi və sosial psixoloq bir-birini tamamlayan peşə sahələridir və zorakılığın qarşısının alınmasında mütləq rol oynayırlar. Azərbaycanda da bələdiyyələrin fəaliyyətində zorakılığın qarşısının alınması üçün bu cür mütəxəssislərin olması vacibdir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Qeyd edək ki, cari ildə indiyədək məişət zorakılığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 512 müraciət daxil olub. Bu barədə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova dünən keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, ölkə üzrə məişət zorakılığına dair dəqiq statistik məlumat yoxdur. Ötən il bu sahədə 535 müraciət qeydə alınıb. S.Qəhrəmanova əlavə edib ki, Komitə bu rəqəmlərin azalması üçün çalışır. Hazırda məişət zorakılığı hallarında vətəndaşlar ya Komitəyə, ya da hüquq-mühafizə orqanlarına müraciət edir. O vurğulayıb ki, belə hallarda yerli bələdiyyələrə də müraciətlərin yönləndirilməsi vacibdir. Məişət zorakılığının qarşısının alınması üçün isə zorakılığın müxtəlif növləri üzərində iş aparılmalıdır.
Sosioloq bildirib ki, ailələrin problemlərinin sosioloji təhlili, məişət zorakılığının ailə kontekstində öyrənilməsi və ailələrin psixososial iş təcrübəsində sosial-psixoloji problemlərin həlli zorakılığın aradan qaldırılmasında önəmli rol oynayır.
"Bu baxımdan, müraciətlərin sayı və onların bələdiyyələr tərəfindən qeydə alınması mövcud şərtlərdə əhəmiyyətli dəyişikliklər tələb edir. Bələdiyyələrin səlahiyyəti və funksiyaları məhdud olduğundan, onların əlavə səlahiyyətlərlə təmin olunması və sabit büdcəyə malik olması vacibdir. Eyni zamanda, bələdiyyələrdə şəffaf idarəçilik və yerli normativ aktların qəbul olunması imkanları təmin edilməlidir. Əks halda, bələdiyyələrin müdaxiləsi vəziyyəti daha da çətinləşdirə bilər və zorakılığın həllinə mane ola bilər. Bundan əlavə, dövlət tərəfindən bələdiyyələrin strukturlaşdırılması, yerli icra orqanlarının nəzarəti və prosedurların şəffaf həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, cəmiyyətin patriarxal strukturundan asılı olmayaraq, gender rollarının bölgüsü və digər sosial amillərlə bağlı problemlərin həllinə kömək edir. Hüququn aliliyi prinsipi və insanların hüquq bərabərliyi təşviq olunduqca müraciətlərin artması cəmiyyətdə problem olmadığını göstərmir; əksinə, cəmiyyətdə inkişafla bəzən geriləmələr və deqadasiya halları müşahidə olunur. Bu həm mənəvi, həm fiziki, həm psixoloji, həm də sosial aşınmanın göstəricisidir. Yerli strukturlara müraciət edilməsi və qeydə alınan hallar yalnız bir hissəsini əks etdirir; qeydə alınmamış halların sayı dəfələrlə çoxdur. Sosial səbəblər arasında iqtisadi çətinliklər, mənəvi və psixoloji tərbiyə problemləri, sosial-pedoqoji işin düzgün qurulmaması, medianın rolunun arxa plana keçməsi kimi faktorlar önəmli rol oynayır. Gender rolları da təsir göstərir, lakin əsas səbəb sosial-iqtisadi vəziyyətlə bağlıdır. Zorakılığın baş verdiyi ailələrdə iki fərqli vəziyyət müşahidə olunur: maddi imkanları yüksək olan ailələrdə müəyyən davranışlar, eyni zamanda yoxsulluq səviyyəsində yaşayan və ya maddi imkanları məhdud olan ailələrdə problemlər fərqli formada özünü göstərir. İstisnalar olsa da, ümumi qayda pozulmur. Burada fərdi və ya qrupları əlamətlərinə görə fərqləndirmək məqsəd deyil, əsas məqsəd tendensiyaları və səbəbləri müəyyən etməkdir. Bu səbəbdən ailə, qadın və uşaq məsələləri ilə bağlı komitələr yalnız ixtisaslı və peşəkar mütəxəssislərin fəaliyyətinə güvənməlidir. Eyni zamanda, müstəqil sosioloqlar, sosial işçilər, psixoloqlar və hüquq mütəxəssisləri məsələyə yaxından cəlb olunmalıdır. Hüquq orqanları mühüm rol oynasa da, məişət zorakılığının həlli əsasən sosial-hüquqi mexanizmlərlə mümkündür”.
Rəfiqə Namazəliyeva,
AzNews.az