“Konstitusiya və Suverenlik İli”ndə amnistiya təşəbbüsü - ŞƏRH

17 Dekabr 2025 19:13 (UTC+04:00)

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü də məhz bu strateji xəttin məntiqi davamı kimi qiymətləndirilir. Sözügedən təşəbbüs dövlətin humanizm prinsiplərinə, hüquqi dəyərlərə və sosial ədalət anlayışına verdiyi önəmin bariz nümunəsidir.
Azərbaycan Respublikasının Konstitusiyası ölkədə hüquqi dövlətin əsaslarını müəyyən edən ali hüquqi sənəd kimi insan və vətəndaş hüquqlarının təminatçısıdır. Konstitusiyanın qəbulundan ötən illər ərzində ölkəmizdə hüquq sistemi ardıcıl şəkildə təkmilləşdirilmiş, məhkəmə-hüquq islahatları həyata keçirilmiş, cəza siyasətində humanist yanaşma gücləndirilmişdir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü bu proseslərin davamlı xarakter daşıdığını bir daha təsdiq edir.
Amnistiya aktları Azərbaycan dövlətinin hüquqi praktikasında xüsusi yer tutur. Bu cür qərarlar cəmiyyətin müəyyən kateqoriyalarına ikinci şans verilməsi, onların yenidən sosial həyata inteqrasiyası və hüquqazidd davranışlardan uzaqlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya, yalnız cəza siyasətinin yumşaldılması deyil, eyni zamanda insan amilinin ön planda tutulmasının göstəricisidir.
Bu təşəbbüs dövlət suverenliyinin möhkəmləndirilməsi, hüquqi sabitliyin qorunması və ictimai etimadın artırılması baxımından da xüsusi önəm daşıyır. Dövlətin gücü yalnız sərt mexanizmlərlə deyil, eyni zamanda mərhəmət, ədalət və humanizm prinsipləri ilə ölçülür. Amnistiya aktı məhz bu dəyərlərin praktik təzahürü kimi cəmiyyət tərəfindən müsbət qarşılanır.
Amnistiyanın elan edilməsi bir sıra sosial nəticələrə də səbəb olur. Azadlığa buraxılan və ya cəzası yüngülləşdirilən şəxslərin ailələrinə qovuşması, onların əmək bazarına və ictimai həyata yenidən qoşulması sosial sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu proses, eyni zamanda, cinayətkarlığın qarşısının alınmasında profilaktik rol oynayaraq, şəxslərin gələcəkdə qanunlara hörmət ruhunda yaşamasına stimul yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində suverenlik anlayışı yalnız ərazi bütövlüyü ilə məhdudlaşmır. Suverenlik həm də hüquqi müstəqillik, daxili sabitlik, milli dəyərlərə söykənən idarəetmə və vətəndaş-dövlət münasibətlərində qarşılıqlı etimad deməkdir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən bu təşəbbüs də məhz həmin anlayışların dərin məzmununu əks etdirir.
Amnistiya təşəbbüsü eyni zamanda beynəlxalq hüquq normalarına uyğun olaraq insan hüquqlarının müdafiəsinə yönəlmiş addım kimi də dəyərləndirilə bilər. Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyaların iştirakçısı olaraq, hüquqi-humanitar sahədə öhdəliklərini ardıcıl şəkildə yerinə yetirir. Bu kontekstdə amnistiya aktları ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə də töhfə verir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətinin hüquqi, sosial və humanist dəyərlərə sadiqliyinin növbəti təzahürüdür. Bu təşəbbüs cəmiyyətin müxtəlif təbəqələri arasında həmrəylik hissinin gücləndirilməsinə, hüquqi dövlət prinsiplərinin daha da möhkəmləndirilməsinə və milli suverenliyin dərin məzmunla zənginləşdirilməsinə xidmət edir. Sözügedən addım, eyni zamanda, Azərbaycanın gələcək inkişaf yolunda insan mərkəzli siyasətə verdiyi önəmin aydın göstəricisi kimi tarixə düşür.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri