""Tramp yolu” layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edən vahid dəmir yolu şəbəkəsinin yaradılması təşəbbüsü Cənubi Qafqazda regional əməkdaşlıq imkanları ilə yanaşı, müəyyən riskləri də gündəmə gətirir. İlk növbədə, layihənin regional əməkdaşlıq baxımından potensial faydaları diqqət çəkir. Vahid dəmir yolu şəbəkəsi ticarət dövriyyəsinin artmasına, iqtisadi inteqrasiyanın dərinləşməsinə və ölkələr arasında qarşılıqlı əlaqələrin güclənməsinə töhfə verə bilər. Azərbaycan üçün bu təşəbbüs tranzit rolunun daha da möhkəmləndirilməsi, ticarət marşrutlarının diversifikasiyası və regional layihələrdə lider mövqeyinin qorunması baxımından əhəmiyyətlidir. Gürcüstan və Ermənistan üçün isə layihə sərhədlərarası nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, iqtisadi faydaların əldə olunması və regional bazarlara çıxış imkanlarının genişlənməsi deməkdir. Bununla yanaşı, layihə müəyyən geosiyasi risklər də daşıyır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
Qeyd edək ki, Ermənistanın İrandakı səfiri Qriqor Akopyan “Təsnim” agentliyinə müsahibəsində “Tramp yolu” layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edən vahid dəmir yolu şəbəkəsinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, dəmir yolunun bərpası və istismarı ilə bağlı müvafiq qurumlar arasında artıq ikinci texniki müzakirələr aparılıb.
Siyasi şərhçi bildirib ki, Ermənistanın bu təşəbbüsdə iştirakı Azərbaycanın milli və təhlükəsizlik maraqları baxımından xüsusi diqqətlə izlənməlidir.
"Dəmir yolu şəbəkəsinin səmərəli fəaliyyəti tərəflər arasında yüksək səviyyəli koordinasiya və güclü siyasi iradə tələb edir. Əks halda, bu infrastruktur əməkdaşlıq vasitəsi olmaqdan çıxaraq siyasi gərginliyi artıran alətə çevrilə bilər. Eyni zamanda, layihənin ABŞ təşəbbüsü kimi təqdim olunması regionun digər əsas aktorlarının, xüsusilə Rusiya və İranın, prosesə münasibətini öz strateji maraqları əsasında formalaşdırmasına səbəb ola bilər. Bu amil layihənin icrası zamanı əlavə diplomatik çağırışlar yaradır. Azərbaycan üçün “Tramp yolu” təşəbbüsü mövcud nəqliyyat və logistika strategiyası ilə ümumilikdə uzlaşır. Ölkə uzunmüddətli planlarında Avropa–Asiya ticarət marşrutlarının şaxələndirilməsini və Cənubi Qafqazın beynəlxalq tranzit şəbəkəsində əsas mərkəzə çevrilməsini prioritet kimi müəyyən edib. Bu baxımdan vahid dəmir yolu xətti Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə və iqtisadi maraqların qorunmasına xidmət edə bilər. Lakin layihənin uğuru həm texniki, həm də diplomatik müstəvidə sistemli və davamlı koordinasiyadan asılıdır. Dəmir yolu infrastrukturu effektiv şəkildə fəaliyyət göstərərsə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında iqtisadi inteqrasiyanın və regional sabitliyin möhkəmlənməsinə şərait yarada bilər. Əks təqdirdə isə layihə geosiyasi manipulyasiya alətinə və yeni gərginlik mənbəyinə çevrilə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az