Cavid Vəliyev: Türk dünyasının ortaq gələcəyində media strateji rol oynamalıdır

19 Dekabr 2025 14:27 (UTC+04:00)

Türk dünyasının ortaq gələcəyinin formalaşdırılmasında media yalnız informasiya ötürücüsü deyil, strateji gündəm yaradan əsas aktor olmalıdır.

Aznews.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Cavid Vəliyev Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı səsləndirib.

Cavid Vəliyev bildirib ki, “Türk Dünyasının Ortaq Gələcəyi və Media” mövzusu ətrafında aparılan müzakirələr iki əsas sualı ön plana çıxarır: ortaq gələcəyin mahiyyəti və bu prosesdə medianın rolu. Onun sözlərinə görə, ortaq gələcək anlayışına istiqamət verən üç əsas mənbə mövcuddur. Birinci mənbə XIX əsrin sonu – XX əsrin əvvəllərində formalaşmağa başlayan Türk birliyi ideyasıdır ki, bu ideya əsasən dil və əlifba birliyi üzərində qurulub.

İkinci mənbə kimi Türk dövlətlərinin qəbul etdikləri siyasi və institusional qərarlar göstərilib. Bu kontekstdə Naxçıvan Sazişi, zirvə görüşləri nəticəsində qəbul edilmiş yekun bəyannamələr və 2040 Türk Dünyası Vizyon Sənədi xüsusi qeyd olunub.

Üçüncü mənbə isə dövlət başçılarının və xarici işlər nazirlərinin Türk dünyasının gələcəyi ilə bağlı verdikləri açıqlamalar kimi dəyərləndirilib.

Forumda səsləndirilən fikirlərə toxunan Cavid Vəliyev deyib ki, demək olar, bütün ölkə nümayəndələri dezinformasiya ilə birgə mübarizə platformasının yaradılmasını təklif ediblər. Onun sözlərinə görə, belə bir platformanın formalaşdırılması və rəhbərliyin ölkələr arasında rotasiya prinsipi ilə həyata keçirilməsi nəticə etibarilə institusional birliyə gətirib çıxaracaq.

Ekspert vurğulayıb ki, Türk dövlətlərini birliyə aparan amillər təkcə ortaq dil, tarix və mədəniyyət deyil, eyni zamanda ortaq taledir. Bu baxımdan jurnalistlər xəbər hazırlayarkən bu məsuliyyətin fərqində olmalı və hadisələrə vahid baxış bucağından yanaşmalıdırlar.

C.Vəliyev qeyd edib ki, Türk dünyasının ortaq gələcəyinin qurulmasında medianın iki əsas strategiyanı qəbul etməsi vacibdir. Birincisi dezinformasiya ilə mübarizə, ikincisi isə gündəmin formalaşdırılmasıdır.

Ekspert ortaq gələcəyə yönəlik əsas risklərə də toxunub. Onun sözlərinə görə, bəzi xarici region və ölkələr Türk birliyini özləri üçün təhlükə kimi təqdim edir və bu mövqe həm siyasi, həm də media müstəvisində təşviq olunur. Nəticədə Türk birliyi ideyasına qarşı məqsədli dezinformasiya kampaniyaları aparılır.

Sonda C.Vəliyev vurğulayıb ki, 100 il əvvəl Türk dünyasında birlik ideyası qəzetlər və ədəbiyyat vasitəsilə formalaşmağa başlamışdı. Bu gün isə Türk jurnalistləri həmin yarımçıq qalan inteqrasiya prosesini tamamlamaq üçün real və tarixi imkanlara malikdirlər. Onun sözlərinə görə, Türk dünyası siyasəti reaktiv deyil, strateji istiqamət olmalı və media bu strategiyanın əsas dayaqlarından birinə çevrilməlidir.