“Sergey Lebedevin səsləndirdiyi iddialar hərbi reallıqdan daha çox informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bayram ərəfəsində “sərhədin keçilməsi”, “təxribat qrupları” və konkret istiqamətlərin qabardılması klassik psixoloji təsir alətidir. Bu cür açıqlamalar adətən ya mümkün eskalasiyaya ictimai rəy hazırlamaq, ya da önləyici müdafiə tədbirlərini legitimləşdirmək məqsədi daşıyır. Yeni il günlərində Ukraynanın genişmiqyaslı hücum əməliyyatına başlaması barədə deyilənlər ehtiyatla qarşılanmalıdır. Daha real ssenari lokal xarakterli diversiya, kəşfiyyat fəaliyyəti və simvolik zərbələrdir. Bu cür addımların məqsədi ərazi dəyişmək yox, qarşı tərəfə psixoloji təzyiq göstərmək, diqqəti yayındırmaq və təhlükəsizlik sistemlərini gərgin vəziyyətdə saxlamaqdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Qeyd edək ki, "Nikolayev” yeraltı əməliyyatlarının koordinatoru Sergey Lebedev bildirib ki, Ukrayna ordusu Yeni il bayramı ərəfəsində Rusiya sərhədini keçməyə hazırlaşır. Onun sözlərinə görə, bayram günlərində Ukraynanın təxribat və kəşfiyyat qruplarının fəallaşacağı gözlənilir: “Həmin vaxt hamı daha arxayın olur, buna görə də ukraynalılar hansısa addım atmağa cəhd göstərə bilərlər. Ən çox ehtimal olunan istiqamətlərdən biri Belqoroddur”.
Siyasi şərhçi bildirib ki, Belqorod istiqamətinin hədəfə alınması da məhz bu kontekstdə qiymətləndirilməlidir.
"Trampın sülh təklifi ilə bu iddialar arasında birbaşa əlaqə qurmaq isə daha çox siyasi manipulyasiya təsiri bağışlayır. Kiyev üçün əsas prioritet hərbi meydanda mövqelərini qorumaq və diplomatik prosesdə manevr imkanlarını saxlamaqdır. Böyük hücum görüntüsü yaratmaq bəzi hallarda real əməliyyatdan daha effektiv alətə çevrilir. Nəticə etibarilə, yayılan məlumatlar konkret hücum planından çox, qarşılıqlı psixoloji təsir mərhələsinin davam etdiyini göstərir. Hazırkı mərhələdə tərəflər faktiki eskalasiyadan çox, gərginliyi idarə etmək və qarşı tərəfi daim risk altında saxlamaq strategiyasına üstünlük verirlər. Bu da müharibənin hərbi yox, informasiya müstəvisində daha aktiv fazaya keçdiyini göstərir".
Rəfiqə Namazəliyeva,
AzNews.az