Yelisey sarayının baş ofisiantı iki il ərzində Fransa Prezidentinin Paris iqamətgahından qab-qacaq oğurlayıb.
Aznews.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Yelisey sarayının 40 yaşı olan M. adlı əməkdaşı təxminən 100 əşya oğurlayıb. O, xüsusi təntənələli dövlət ziyafətlərində masaya qoyulan şamlar, digər tədbirlər üçün istifadə edilən boşqablar, fincanlar və digər qab-qacaqları götürüb. Oğurlanmış əşyaların bir hissəsi Fransanın mədəni irs obyektləridir. Qəzet qeyd edir ki, kişi masaların hazırlanması və qab-qacaq hesabatının aparılmasına cavabdeh olub.
Bildirilib ki, baş ofisiant əşyaları Versalda yaşayan və Luvr muzeyinin bir zalında nəzarətçi kimi işləyən, çini məmulatları kolleksiyaçısı olan təxminən 30 yaşlı Jislen M. adlı kişiyə ötürüb. Baş ofisiant iki il ərzində qab-qacaq oğurlasa da, bu yalnız bir müddət əvvəl üzə çıxıb. O həmçinin inventarizasiya protokollarını saxtalaşdırıb.
Buna baxmayaraq, jandarmlar baş ofisiantın və onun əlbir olduğu şəxsin evlərində axtarışlar nəticəsində həmin əşyaları aşkar edə bilməyiblər. Məhkəmə kişiləri oğurladıqları əşyaları qaytarmağa məcbur edib. Hazırda əşyalar məhkəmə nəzarətinə verilib. Bundan əlavə, kolleksiyaçıya Luvr muzeyində işləmək qadağan edilib, baş ofisiant isə Yelisey sarayından istefa verməyə məcbur olub.
Məhkəmə prosesi hələ başa çatmayıb, o, 2026-cı ilin fevralında davam edəcək.