“Donald Tramp prezident seçildikdən və vəzifəsinə başladıqdan sonra Rusiyayla münasibətlərdə müəyyən yumuşalma müşahidə olunur. Trampın siyasətində biznes maraqlarının ön planda olması Rusiyayla münasibətlərdə daha loyal yanaşmasına gətirib çıxarıb və bu, Moskvanı həvəsləndirib. Bu səbəbdən Rusiya hesab edir ki, ABŞ ilə müəyyən irəliləyişlər var, amma Avropa ilə vəziyyət eyni deyil. Avropa ilə normallaşmanın olmamasının səbəbi aydındır: Avropa ölkələri başa düşür ki, əgər Rusiya Ukraynada istədiyinə nail olsa, növbəti hədəf qonşu Avropa ölkələri, ümumiyyətlə Avropanın özü ola bilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, Rusiyanın Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov “İzvestiya”ya müsahibəsində bildirib ki, Moskva NATO-nun Rusiya əleyhinə siyasətindən imtina edəcəyi halda dialoqa hazırdır. Maslennikovun sözlərinə görə, Rusiya yalnız qarşılıqlı hörmət, maraqların nəzərə alınması və bərabər, bölünməz təhlükəsizlik prinsiplərinə əsaslanan danışıqları qəbul edir. O həmçinin qeyd edib ki, ABŞ ilə münasibətlərdə müəyyən irəliləyişlər müşahidə olunsa da, Avropa ölkələri ilə əlaqələrdə vəziyyət eyni deyil.
Siyasi şərhçi bildirib ki, Avropa Rusiyaya ABŞ qədər loyal yanaşa bilməz.
"Ukraynada istədiyini əldə edən Rusiyanı Avropaya doğru hərəkətdən heç bir qüvvə saxlayamaz. Buna görə NATO ilə Rusiyanın və ümumiyyətlə Avropa ilə Rusiyanın münasibətlərinin normallaşması hələlik mümkün görünmür. Avropada ağlı başında olan hər kəs bilir ki, Ukraynada Rusiyaya güzəşt etmək olmaz. Güzəşt olacağı təqdirdə, bu, 1939-cu ildə Hitler Almaniyasına edilən güzəştə bənzər bir nəticə verəcək, təcavüzkar Rusiyanı daha da həvəsləndirəcək və bütün Avropanı müharibəyə sürükləyə bilər. Rusiya ilə Avropa arasında diyaloq üçün şəraitin yaranması Rusiyanın mövqeyindən asılıdır. Moskva təcavüzkarlıqdan imtina etməli, Ukraynanın ərazi bütövlüyünə hörmət göstərməli, öz hərbi qüvvələrini oradan çıxarmalı və Ukraynaya dəymiş zərərin kompensasiyasını təmin etməlidir. Belə addımlar atılsa, Avropa ölkələri Rusiya ilə normal münasibətlər quracaq. Əks halda, Moskva heç nəyə ümid etməməlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az