“Sosial şəbəkələr dialoq məkanından qarşıdurma meydanına çevrilir” - Hüseyn İbrahimov

19 Dekabr 2025 22:25 (UTC+04:00)

“Bəziləri sosial şəbəkələrdə müşahidə olunan problemləri ümumilikdə sosial medianın problemi kimi təqdim edirlər. Halbuki bunu bu şəkildə xarakterizə etmək düzgün deyil. Sosial media bu gün həm dünyada, həm də birbaşa ölkəmizdə müəyyən inkişaf yolu keçmiş bir media vasitəsidir. Sosial medianı sosial şəbəkə platformaları ilə qarışdırmaq olmaz. Bu baxımdan sualın məhz sosial şəbəkələr üzərindən qoyulması tamamilə doğrudur.!Təbii ki, sosial şəbəkələrin bu gün emosional gərginlik yaradan, aqressiya doğuran, müxtəlif jarqonların artdığı, dözümsüzlüyün nümayiş etdirildiyi məkanlara çevrilməsinin bir çox səbəbi var və buna təsir edən amillər kifayət qədər çoxdur. İnsanların məhz bu platformalarda bu tip davranışlara meyl etməsinin səbəblərini araşdırdıqda görürük ki, bu hallar ilk növbədə cəmiyyətin mikro səviyyəsindən qaynaqlanır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

Xatırladaq ki, son illər sosial şəbəkələr təkcə ünsiyyət və informasiya mübadiləsi platforması olmaqdan çıxaraq, getdikcə aqressiya, təhqir və qarşıdurmaların intensivləşdiyi bir məkana çevrilib. İctimai, siyasi və hətta məişət mövzuları ətrafında aparılan müzakirələrdə emosional gərginlik, qarşılıqlı hörmətsizlik və sərt ritorika adi hal alıb. Bu tendensiya cəmiyyətdə dialoq mədəniyyətinin zəifləməsi, fərqli fikirlərə dözümsüzlüyün artması və sosial münasibətlərin zədələnməsi ilə bağlı ciddi suallar doğurur.

Sosioloq bildirib ki, fərdlərarası münasibətlərdə, qrupdaxili əlaqələrdə, müxtəlif sosial qruplar və hətta ailə səviyyəsində insanlar bir-birinə münasibətlərini, narazılıqlarını və üstüörtülü mesajlarını getdikcə daha çox sosial şəbəkələr üzərindən ifadə edirlər.

"Bu davranış forması zamanla bir adətə çevrilib. Nəticədə bu tendensiyanın artması bir tərəfdən yeniyetmələr və gənclər arasında mənfi stereotiplərin çoxalmasına, digər tərəfdən isə ümumilikdə cəmiyyətin mikrostruktur elementləri arasında dözümsüzlüyün güclənməsinə səbəb olur. Digər tərəfdən, bütün bu proseslər dialoq mühitinin zəifləməsi və qarşılıqlı anlaşmanın pozulması tendensiyasını yaradır. Bəzi hallarda müşahidə edirik ki, hətta qohumlar və yaxın insanlar belə bir-birinə olan narazılıqlarını, sətiraltı ifadələrini sosial şəbəkələr üzərindən bildirir, münasibətlərini bu platformalar vasitəsilə izləyir və ya tənzimləməyə çalışırlar. Təbii ki, bu hallar ümumilikdə mənfi xüsusiyyətlərin formalaşmasına gətirib çıxarır və sosial şəbəkə istifadəçi mədəniyyəti anlayışını gündəmə gətirir. Bu isə sosial şəbəkələrdən istifadə mədəniyyəti adlı ciddi bir problemin mövcudluğunu ortaya qoyur və onun aradan qaldırılması zərurətini yaradır. Bu gün sosial medianın bu istiqamətdə maarifləndirici rolu daha da artırılmalıdır. Təəssüf ki, bəzən sosial mediada mədəniyyət nümayəndələrinin, müğənnilərin və ya şəxsi narazılığı olan insanların jurnalist platformalarından istifadə edərək etik normalardan kənar ifadələr işlətdiyini görürük. Bu cür çıxışlar qısa müddətdə geniş yayılır, oxunaqlılıq qazanır və nəticədə həm fərdi şüura, həm də ictimai şüurun mədəniyyətinə ciddi mənfi təsirlər göstərir. Digər tərəfdən, insanlar öz aralarındakı etirazları, qeyri-səmimi münasibətləri, qarşıdurmaları sosial şəbəkələr vasitəsilə nümayiş etdirir və nəticədə bu platformalar insanlar arasında dialoq mühiti deyil, daha çox etiraz və qarşıdurma məkanına çevrilir. Xüsusilə emosional, qeyri-adi və sensasion xarakterli informasiyalara marağın artması bu tendensiyanı daha da gücləndirir. Bu cür tendensiyaların azalması olduqca vacibdir. Çünki həm fərdi psixoloji şüurda, həm də ictimai şüurda bu kimi halların genişlənməsinin əsas səbəblərindən biri fərdi şüurun zəifləməsidir. Fərdi şüur yalnız o zaman kütləvi təsirlərə məruz qalmır ki, insan daha yaxşı maariflənmiş, daha sağlam dəyərlərlə formalaşmış olsun. Təəssüf ki, bu gün fərdi şüurun bu imkanları xeyli dərəcədə azalıb. Buna təsir edən amillər sırasında onu da qeyd etmək lazımdır ki, müxtəlif sahələrdən olan insanların sosial mediada çox qısa zamanda məşhurlaşması və öz imkanlarından istifadə edərək cəmiyyətdə bir növ “müəllim” və ya “etalon” obrazına çevrilməyə çalışması həm fərdi, həm də kütləvi şüura mənfi təsir göstərir. Nəticədə bu insanlar digərləri üçün yanlış nümunəyə çevrilə bilirlər. Bu istiqamətdə ailəni, fərdi şüuru, gəncləri və yeniyetmələri əhatə edən geniş maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac var. Yalnız bu yolla cəmiyyətdə dialoq mühitinin daha da zəifləməsinin, fərdlərarası münasibətlərin pozulmasının, etik və estetik dəyərləri sarsıdan informasiyaların yayılmasının qarşısını almaq mümkündür".

Rəfiqə Namazəliyeva,

AzNews.az