Ukrayna Krımda Rusiyanın iki hərbi təyyarəsini vurub

20 Dekabr 2025 14:14 (UTC+04:00)

Krımda Belbek aerodromunda Rusiyanın iki Su-27 təyyarəsi vurulub.

Aznews.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarələrdən biri tam yüklənmiş və döyüş tapşırığına hazır vəziyyətdə olub. Hər iki təyyarənin təxmini dəyəri 70 milyon dollardır.

Dispetçer qülləsinə dəyən ziyan da təsdiqlənib. Bu da göstərilən aerodromda uçuşların təşkilini və idarə olunmasını çətinləşdirə bilər.

"Bu, son günlərdə Belbek aerodromuna edilən ikinci uğurlu hücumdur. Dekabrın 18-də Xidmətin dronları bu aerodromda yüz milyonlarla dollar dəyərində Rusiya avadanlığını məhv edib. Bu avadanlıqlar iki Nebo-SVU radarı, S-400 Triumph hava hücumundan müdafiə sistemindən 92N6 radarı, Pantsir-S2 hava hücumundan müdafiə sistemi və tam təchizatlı sursatla təchiz olunmuş MiQ-31 təyyarəsi olub", - deyə məlumatda qeyd olunub.