Rəqəmsallaşma, süni İntellekt və media savadlılığı mövzusunda konfrans keçirilib - FOTO

22 Dekabr 2025 16:11 (UTC+04:00)

Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “Media Savadlılığı” Həftəsinin yekunu olaraq 22 dekabr tarixində“Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı”mövzusunda konfrans təşkil olunub.

Aznews.az xəbər verir ki, media savadlılığının gücləndirilməsi, rəqəmsal transformasiya şəraitində informasiyanın düzgün dəyərləndirilməsi və süni intellekt texnologiyalarının media mühitinə təsirinin müzakirəsi məqsədilə təşkil olunan konfrans “Rəqəmsal dünyada həqiqi dostların izində” mövzusunda səhnə təqdimatı və media savadlılığına dair qısa videoçarxın nümayişi ilə başlayıb.

Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov rəqəmsallaşmanın sürətlənməsi və süni intellekt texnologiyalarının geniş yayılması fonunda media savadlılığının əhəmiyyətinin daha da artdığını vurğulayıb. O qeyd edib ki, müasir informasiya mühitində vətəndaşların, xüsusilə gənclərin məlumatı düzgün təhlil etmək bacarığının formalaşdırılması, etibarlı mənbələrə istinadın təşviqi vəməsuliyyətli paylaşım mədəniyyətinin gücləndirilməsi prioritet istiqamətlərdəndir:

“Artıq dörd ildir ki, ilin son günlərində media savadlılığı mövzusu ətrafında sistemli, ardıcıl, həmrəy fəaliyyətin təşkili ölkəmizdə mühüm bir ənənəyə çevrilib. Rəqəmsallaşmanın sürətlə dərinləşdiyi, informasiya istehsalı və istehlakının miqyasının əhəmiyyətli dərəcədə artdığı bir dövrdə təhlükəsizlik, məsuliyyətlilik və etibarlılıq prinsiplərini özündə birləşdirən media savadlılığı anlayışı xüsusi aktuallıq kəsb edir. Bu yanaşma yalnız informasiya sahəsinin iştirakçıları üçün deyil, bütövlükdə cəmiyyət üçün mühüm dəyər və davranış modelini formalaşdırır.

Real vaxt rejimində məlumatların saniyələr içərisində geniş auditoriyalara çatdığı müasir informasiya mühitində bu il həm də Azərbaycan Milli Mətbuatının 150 illik yubileyini qeyd edirik. Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən yubileyin geniş şəkildə qeyd olunması milli mətbuatın tarixi rolunun, ictimai rəyin formalaşmasında tutduğu mövqenin, maarifçilik ənənələrinin və dövlətçilik ideyalarının qorunması və inkişaf etdirilməsindəki əhəmiyyətinin dərin şəkildə təhlil edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu yubiley, eyni zamanda, “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatın keçdiyi inkişaf yoluna nəzər salmaq, qlobal informasiya mühitinin çağırışları fonunda medianın üzərinə düşən yeni vəzifələri müəyyənləşdirmək üçün geniş imkanlar yaradır. Milli mətbuatın zəngin tarixi irsi müasir dövrdə daha böyük məsuliyyət tələb edir.

Media savadlılığının artırılması çoxşaxəli və kompleks bir prosesdir. “Media Savadlılığı” Həftəsi çərçivəsində keçirilən tədbirlər də məhz bu əməkdaşlığın gücləndirilməsinə, təşəbbüskarlığın artırılmasına və media mühitində məsuliyyətli yanaşmanın təşviqinə xidmət edir.Uğurlu beynəlxalq təcrübəyə əsaslanan daxili strategiya çərçivəsində Medianın İnkişafı Agentliyi tərəfindən cəmiyyətdə media savadlılığı bacarıqlarının artırılması məqsədilə mərhələli və ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə icra olunan proqramlar nəticəsində indiyədək 25-dən çox regionda 2000-dən artıq gənc prosesə cəlb edilmiş, ümumtəhsil müəssisələrində media savadlılığı mövzusunun əhatə dairəsinin genişləndirilməsi məqsədilə 20-dən artıq orta məktəbdə 3000-dən çox şagird üçün məlumatlandırıcı sessiyalar təşkil olunmuş, media subyektləri ilə əməkdaşlıq çərçivəsində maarifləndirici və təşviqedici materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Bu gün keçirilən konfransın əsas məqsədi sürətli rəqəmsallaşma şəraitində mövcud çağırışların ətraflı şəkildə müzakirə olunması, media savadlılığının inkişafı üçün səmərəli və uzunmüddətli mexanizmlərin müəyyənləşdirilməsidir. Məlumatın etibarlılığı hər birimizin üzərinə düşən ümumi məsuliyyətdir”.

Daha sonra il ərzində media savadlılığının artırılması istiqamətində görülən işlərə dair qısa videoçarx nümayiş olunub və Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova tərəfindən “Media Savadlılığı” Həftəsi çərçivəsində həyata keçirilən fəaliyyətlərə dair təqdimat edilərək media savadlılığının təşviqi məqsədilə təşkil olunan maarifləndirici tədbirlər, infosessiyalar, rəqəmsal platformalar üçün hazırlanan məzmunlar və müxtəlifregionları əhatə edən layihələr barədə ətraflı məlumat verilib.

Aznews.az